
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Bakı Metropolitenində enerji
səmərəliliyinin artırılması və təmiz texnologiyaların tətbiqi üzrə
layihənin həyata keçirilməsi üçün 700 min dollar həcmində texniki
yardımın ayrılmasını təsdiqləyib.
Trend bu barədə
AİB-ə istinadla xəbər verir.
“Decarbonizing Baku Metro for a Smart and Sustainable Urban
Transit Future” adlı layihə paxtaxt metropolitenində karbon izinin
azaldılmasına, enerjidən istifadənin optimallaşdırılmasına və
istismar xərclərinin azaldılmasına hədəflənib.
Texniki yardım çərçivəsində infrastrukturun müasirləşdirilməsi
imkanlarının qiymətləndirilməsi həyata keçiriləcək. Bu, günəş
panelləri və enerji yığımı sistemləri (BESS) kimi bərpa olunan
enerji mənbələrinin inteqrasiyasını da əhatə edəcək. Həmçinin
enerji istehlakının intellektual idarəetmə sistemlərinin,
proqnozlaşdırılmış xidmətin və böyük məlumat bazasına əsaslanan
həllərin tətbiqi planlaşdırılır.
Qeyd edək ki, Bakı Metropoliteni paytaxtın ictimai nəqliyyatının
əsas hissəsini təşkil edir və gündə təxminən 630 min sərnişin
daşıyır. Hökumətin 2035-ci ilə qədər ümumi uzunluğu 120 km olacaq
beş xəttdən ibarət metro şəbəkəsini genişləndirmək planları fonunda
dayanıqlı enerji həllərinə tələbat artır.
Metropolitenin karbonsuzlaşdırılması təkcə emissiyaların
ixtisarına və Azərbaycanın istixana qazlarının azaldılması üzrə
milli öhdəliklərinin yerinə yetirilməsinə dəstək verməyəcək, həm də
idarəetmənin səmərəliliyini artıracaq və istismar xərclərini
azaldacaq.
Asiya İnkişaf Bankı (AİB) qeyd edir ki, bu layihə bankın Bakı
Metropoliteni ilə daha geniş əməkdaşlığının mühüm hissəsinə
çevriləcək və infrastrukturun ekoloji dayanıqlılıq üzrə beynəlxalq
standartlara uyğunlaşdırılmasına töhfə verəcək.

