ABŞ: Kaliforniyada əyləncə parkı beyin xəsarətləri ilə bağlı şikayətlərdən sonra əsas attraksionlarından birini həmişəlik bağlayıb

Baş səhifə

Bakı. Trend:

2002-ci ildə istifadəyə verildiyi zaman o, dünyada analoqu
olmayan attraksion kimi təqdim edilirdi. Lakin Kaliforniyadakı Six
Flags Magic Mountain əyləncə parkının bu əsas attraksionu çərşənbə
axşamı park rəhbərliyi tərəfindən istismardan çıxarılıb.
Oturacaqları idarə olunan şəkildə irəli və geriyə 360 dərəcə
fırlana bilən X2 roller-koster attraksionu son günlər ABŞ-da ciddi
mübahisələrə səbəb olub. Buna səbəb attraksiondan istifadə etdikdən
sonra üç nəfərin travmatik beyin xəsarətləri aldıqları barədə
məhkəməyə müraciət etməsidir.

Onlardan biri, 25 yaşlı qadın, hələ də vegetativ vəziyyətdə
xəstəxanada müalicə olunur. O, təcili cərrahi müdaxilə tələb edən
genişmiqyaslı beyin qanaxmasından əziyyət çəkir. Ailəsi onun
adından məhkəməyə müraciət edib.

Bundan başqa, Six Flags avqustun sonunda oxşar şəraitdə həlak
olan 22 yaşlı şəxsin ailəsinin ehtiyatsızlıqdan ölümə səbəb olma
ilə bağlı qaldırdığı məhkəmə işi çərçivəsində barışıq sazişi
imzalayıb. Məhkəmə-tibbi ekspertiza idarəsi onun ölümünün küt
kəllə-beyin travması nəticəsində baş verdiyi qənaətinə gəlib.

Ardıcıl olaraq mənfi rezonans doğuran bu hadisələr parkın
prezidenti Brayan Ördinqi qərar qəbul etməyə vadar edib.

“X2 attraksionu çoxsaylı təhlükəsizlik sınaqlarından həmişə
uğurla keçsə də, bunun düzgün qərar olduğuna əmin olduğumuz üçün
onu bağlamaq qərarına gəldik”, – deyə o, internetdə yayımlanan və
ABŞ-ın Associated Press agentliyi tərəfindən yayılan bəyanatında
bildirib.




“Attraksionların təhlükəsizliyi fəaliyyətimizin təməl daşıdır və
ziyarətçilərimizin etimadının sarsıldığını gördükdə bunu çox ciddi
qəbul edirik”, – deyə o vurğulayıb.

Attraksion iyulun 12-si axşamından etibarən onsuz da bağlı idi.
Buna səbəb bir həftədən az müddət ərzində iki qadının bu
roller-kosterdən istifadə etdikdən sonra təcili tibbi yardım maşını
ilə xəstəxanaya aparılması olub.

Onların vəkilləri bildiriblər ki, son iki il ərzində bu
roller-kosterdən istifadə edən 100-dən çox insan beyin xəsarətləri
almış ola bilər. Qarşıdakı həftələrdə digər şəxslər tərəfindən də
məhkəmə iddialarının qaldırılması mümkündür.

Six Flags Magic Mountain parkının internet saytına görə, X2
roller-kosterinin maksimal sürəti saatda 122 kilometrdir və
uzunluğu 1100 metr təşkil edir. Oturacaqlar 360 dərəcə fırlanır və
nəticədə “bədəniniz fasiləsiz olaraq dövr edir”. Marşrutda həmçinin
iki “qarğa döngəsi” – yolun ortasında kəskin enişlərə çevrilən
yarımdöngələr var.

Attraksion 2002-ci ildə parkda X adı ilə istifadəyə verilib və
dünyanın ilk “dördüncü ölçülü” roller-kosteri kimi təqdim olunub.
Daha sonra yeni vaqonlar və xüsusi effektlərlə 2008-ci ildə X2 adı
altında yenidən fəaliyyətə başlayıb.