Bakı. Trend:
Avtomobil yollarında işıqlandırma sistemlərinin normal
fəaliyyəti gecə saatlarında hərəkətin təhlükəsizliyinin təmin
olunması baxımından mühüm əhəmiyyət daşıyır. Paytaxt və ətraf
ərazilərdə bəzi magistral yolların işıqlandırılması ilə bağlı
vəziyyət isə zaman-zaman müzakirə mövzusuna çevrilir. Xüsusilə gecə
və səhər saatlarında müəyyən yol sahələrində işıqlandırmanın
yetərli olmaması sürücülər və piyadalar üçün görünüş məsafəsinə
təsir edən amillərdən biri kimi diqqət çəkir.
Yolların işıqlandırılmasında qənaətdən söhbət gedə
bilməz
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə açıqlamasında
bildirib ki, şəhərlərdə və yaşayış məntəqələrində yolların
işıqlandırılması yol hərəkəti təhlükəsizliyinin əsas
elementlərindən biridir.

Onun sözlərinə görə, bu məsələdə qənaət amili ön plana
çıxarılmamalıdır.
“Şəhərdə və yaşayış məntəqələrində işıqlandırma mütləq təmin
olunmalıdır. Burada hər hansı qənaətdən söhbət gedə bilməz. Çünki
yol hərəkəti təhlükəsizliyinin əsas elementlərindən biri məhz
işıqlandırmadır. Xüsusilə eyni səviyyəli piyada keçidlərinin olduğu
ərazilərdə kontrast işıqlandırma tətbiq edilməlidir. Həmin hissə
daha yaxşı işıqlandırılmalıdır ki, sürücü uzaq məsafədən qarşıda
piyada keçidinin olduğunu görə və buna uyğun olaraq sürətini
tənzimləyə bilsin”, – ekspert qeyd edib.
R.Ağamirzəyev bildirib ki, magistral yollarda, süni yol
qurğularında və yaşayış məntəqələrinin girişlərində işıqlandırma
sistemləri qurulsa da, bəzi hallarda onların fəaliyyətində
problemlər müşahidə edilir:

“Təəssüf ki, bir çox hallarda işıqlandırma sistemi ya işləmir,
ya da yolun yalnız müəyyən hissəsini əhatə edir. Yəni bir hissə
işıqlandırılır, digər hissə isə qaranlıq qalır. Eyni zamanda,
işıqlandırmaya nəzarət edən qurumlar da fərqlidir. Hesab edirəm ki,
bu məsələyə diqqət artırılmalıdır. Çünki sutkanın qaranlıq
saatlarında baş verə biləcək yol-nəqliyyat hadisələrinin
nəticələrinə təsir göstərən əsas amillərdən biri məhz
işıqlandırmadır”.
Ekspert yol işıqlandırmasının texniki göstəricilərinə də
toxunub. O bildirib ki, işıqlandırma əraziyə düşən işıq axınının
miqdarı ilə müəyyən edilir və əsas göstəricilərdən biri orta üfüqi
işıqlandırmadır. Bu göstərici lükslə (lx) ölçülür, bir lüks isə hər
kvadratmetrə düşən bir lümen işıq axınına bərabərdir.

Onun sözlərinə görə, yol səthindən əks olunan işığın miqdarını
ifadə edən parlaqlıq da mühüm parametrlərdən biridir.
“Əsas yollar, magistral və ümumi əhəmiyyətli küçələr üçün
işıqlandırma göstəricisi 15-20 lüks təşkil edir. Səkilərdə yolun
hərəkət hissəsinin kateqoriyasından asılı olaraq bu göstərici 2-4
lüks, piyada küçələrində təyinatına uyğun olaraq 4-6 lüks, müxtəlif
hərəkət intensivliyinə malik yerli yollarda isə 4-6 lüks
səviyyəsində nəzərdə tutulur”, – R.Ağamirzəyev əlavə edib.
Qaranlıq vaxtda görmə imkanlarının məhdudlaşması yol
hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərir
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) mövzu ilə əlaqədar
bildirilib ki, sutkanın qaranlıq vaxtında görmə imkanlarının
məhdudlaşması yol hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərən
əsas amillərdən biridir.

Qeyd olunub ki, bu səbəbdən sürücülər sürəti yol və hava
şəraitinə uyğun seçməli, ara məsafəsini artırmalı, nəqliyyat
vasitəsinin xarici işıq cihazlarının sazlığına və onlardan düzgün
istifadəyə xüsusi diqqət yetirməlidirlər. Xüsusilə piyada
keçidlərinə və zəif işıqlandırılan ərazilərə yaxınlaşarkən
sürücülərin daha ehtiyatlı olması tövsiyə edilir.
“Sutkanın qaranlıq vaxtında yolun işıqlandırılmayan sahəsində
dayanarkən və ya durarkən nəqliyyat vasitəsində qabarit və ya
dayanacaq işıqları yandırılmalıdır. Əgər sürücü qaranlıq vaxtda yol
örtüyünün olub-olmadığını müəyyən edə bilmirsə və üstünlük
nişanları yoxdursa, hərəkət etdiyi yolun ikinci dərəcəli yol
olduğunu hesab etməlidir”, – deyə məlumatda bildirilib.
BDYPİ-dən piyadaların da qaranlıq saatlarda xüsusi ehtiyatlı
davranmasının vacibliyi vurğulanıb. Bildirilib ki, piyadalar yolu
müəyyən edilmiş yerlərdən keçməli, hərəkət zamanı mobil telefondan
istifadədən çəkinməli və sürücülər tərəfindən göründüklərinə əmin
olmalıdırlar. Yolun işıqlandırılmayan hissəsində isə piyadalar
yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda yolu
keçməlidirlər.

Eyni zamanda qeyd olunub ki, sutkanın qaranlıq vaxtında
mal-qaranın dəmir yolu xətləri və avtomobil yolları üzərindən
yalnız bu məqsəd üçün xüsusi ayrılmış yerlərdən keçirilməsi,
müəyyən edilmiş yerlərdən kənarda yola çıxarılmaması vacibdir.
BDYPİ vurğulayıb ki, xüsusilə qaranlıq saatlarda bu tələblərə
ciddi əməl olunması yol-nəqliyyat hadisələrinin qarşısının alınması
baxımından mühüm əhəmiyyət daşıyır.

