İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan–İsveçrə iqtisadi dialoqunun inkişafı, ticarət və
investisiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə
olunub.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsveçrə
Konfederasiyasına işgüzar səfəri çərçivəsində İsveçrə–Azərbaycan
Biznes Forumu keçirilib.

“Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, enerji,
nəqliyyat və logistika, tikinti, maşınqayırma, metallurgiya, qida,
turizm, səhiyyə, telekommunikasiya, konsaltinq, maliyyə, kimya,
əczaçılıq və s. sahələri təmsil edən şirkətlərin nümayəndələri
iştirak ediblər.




Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov
Azərbaycan–İsveçrə iqtisadi əməkdaşlığının inkişaf dinamikasından
danışaraq ticarət və qarşılıqlı investisiyaların ikitərəfli
iqtisadi əlaqələrin əsas istiqamətlərindən olduğunu bildirib. Nazir
Azərbaycanın əlverişli biznes və investisiya mühiti, strateji
coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və Orta Dəhliz
çərçivəsində artan rolunu vurğulayıb. Ölkəmizdə fəaliyyət göstərən
azad iqtisadi və sənaye zonalarının, eləcə də yaşıl enerji
potensialının investorlar, o cümlədən İsveçrə şirkətləri üçün yeni
əməkdaşlıq imkanları yaratdığını qeyd edib”.

Məlumata görə, bu ilin 25-26 sentyabr tarixlərində Bakıda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi
altında keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunun yeni tərəfdaşlıqların qurulması və investisiyaların cəlb
edilməsi baxımından önəmi vurğulanıb:

“İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal
Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin
İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Andrea Rauber Saxer
çıxışında Azərbaycan–İsveçrə iqtisadi dialoqunun inkişafı, ticarət
və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də işgüzar
dairələr arasında birbaşa təmasların artırılmasının əhəmiyyətini
bildirib”.

“Forum çərçivəsində Dördüncü Sənaye İnqilabı, innovasiya
ekosistemləri və investisiya təşviqi sahəsində qlobal trendlər
nəzərdən keçirilib, Azərbaycan və İsveçrə şirkətlərinin
təqdimatları dinlənilib, investisiya prioritetləri, qlobal
bazarlara çıxış imkanları və əməkdaşlıq modelləri ətrafında fikir
mübadiləsi aparılıb”, – deyə məlumatda qeyd edilib.