
Daşkənd. Trend:
Azərbaycanın “Gold Fresh Fruit” şirkəti Özbəkistanın Namanqan
vilayətində intensiv meyvə bağlarının yaradılması layihəsinin
ikinci mərhələsinə başlayır.
Trend-in xüsusi
müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistanın investisiyalar,
sənaye və ticarət naziri Laziz Kudratov Daşkənddə keçirilən
Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı
deyib.
Onun sözlərinə görə, “Gold Fresh Fruit” şirkətinin timsalında
Azərbaycan kapitalı artıq Namanqan vilayətində intensiv meyvə
bağlarının inkişafı layihəsini həyata keçirir.
“Bu günlərdə 700 hektar ərazidə logistika və soyuducu
infrastrukturun yaradılması ilə layihənin ikinci mərhələsinə
başlanılır”, – deyə Kudratov bildirib.
Nazir qeyd edib ki, Özbəkistan və Azərbaycan regionları arasında
əməkdaşlığın ərzaq və aqrosənaye sahələrində əhəmiyyətli potensialı
var.
Xüsusilə, Sırdərya vilayəti və Füzuli, həmçinin Qaşqadərya
vilayəti və Beyləqan bağçılıq, kənd təsərrüfatı məhsullarının dərin
emalı və hazır ərzaq məhsullarının istehsalına diqqət yetirə
bilər.
Qeyd edək ki, Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu
iqtisadi əməkdaşlığın genişləndirilməsinə və birgə investisiya,
ticarət layihələrinin həyata keçirilməsinə həsr olunub. Forum
Daşkənddə keçirilir və iki ölkənin regionları arasında birbaşa
əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin investisiya,
sənaye və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinə
yönəlib.

