
Bakı. Trend:
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində idxal proseduru
zamanı dərman vasitələrinin yoxlanılması iki mərhələdə
aparılır.
Trend xəbər verir ki,
bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibb və əczaçılıq
vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət
laboratoriyasının müdiri Çingiz Şükürov açıqlayıb.
Onun sözlərinə görə, birinci mərhələdə dərman vasitələrinin
idxal sənədləri, qeydiyyat vəsiqələri, qablaşmaları və içlik
vərəqələri yoxlanılır, 2-ci mərhələdə isə onların laborator
ekspertizası aparılır:
“Laborator analizlər zamanı dərman vasitəsi nümunələrinin
keyfiyyət parametrləri yoxlanılır. Dərmanların keyfiyyət
göstəricilərinin yoxlanılması Mərkəzin Tibb və əczaçılıq
vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyası
tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasına idxal olunan
dərman vasitələrinin keyfiyyət parametrləri müxtəlif fiziki,
fiziki-kimyəvi və müasir instrumental analiz üsullarından istifadə
edilərək yoxlanılır. Ekspertiza yekunlaşdıqdan sonra hər bir dərman
vasitəsinin seriyasına uyğun olaraq, idxalçı şirkətə uyğunluq
haqqında analiz sertifikatları təqdim edilir. Hər hansı göstəricidə
uyğunsuzluq aşkar edildikdə isə, uyğunsuzluq haqqında analiz
sertifikatı şirkətə təqdim edilir və həmin məhsulun ölkəyə idxalına
icazə verilmir”.

