
Münxen. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
13-də Münxendə dünyada ən böyük proqram təminatı və bulud
texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin “Oracle”
korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə
görüşüb.
Trend xəbər verir ki, söhbət
zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə texnoloji
transformasiya və süni intellekt sahələrinin inkişafı üzrə həyata
keçirilən siyasətə toxunuldu, bu xüsusda “Oracle” korporasiyası ilə
əməkdaşlığın genişləndirməsində qarşılıqlı marağın olduğu
bildirildi və tərəfdaşlığın perspektivləri ilə bağlı artıq çərçivə
razılaşmasının əldə edildiyi vurğulandı.
“Oracle” şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə bir
sıra xidmətlərin göstərilməsi ilə bağlı uzunmüddətli əməkdaşlıq
məsələləri müzakirə olundu. Azərbaycanın müxtəlif aparıcı ali
təhsil müəssisələrində üç “Oracle” akademiyasının fəaliyyəti ilə
bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ siyasi əlaqələrinin yüksək
səviyyədə olduğu qeyd edildi, bu xüsusda “Azərbaycan Respublikası
Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji
Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunuldu.
Həmin sənəddə də ölkələrimiz arasında süni intellekt sahəsinin
prioritet istiqamət kimi əks olunduğu vurğulandı.


