
Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və
Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru, dosent Pərviz Qasımovun rəhbərliyi ilə bir qrup tədqiqatçı
alim Ağdam şəhərindəki “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində
elmi ezamiyyətdə olublar.
Bu barədə Trend-ə AMEA Arxeologiya və Antropologiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, elmi ezamiyyə çərçivəsində tədqiqatçı alimlər
“İmarət” Kompleksindəki erməni vandalizminə məruz qalmış baş daşı
və sinə daşları qalıqları üzərindəki epitafiyaların estamplarını
çıxarıblar.
Bu tədqiqiat işində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin
direktor səlahiyyətlərini icra edən Ağdam Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin direktoru Ülvi Qədirov və Muzey əməkdaşları alimlərə
dəstək olublar.
Ümumi razılığa əsasən, estampların çıxarılması üzrə nəzəri və
praktiki təcrübə əldə edən Muzey əməkdaşları ilə tədqiqatçılar
arasında elmi əməkdaşlıq davam etdiriləcək.
Xatırladaq ki, işğal dövründə erməni işğalçıları tərəfindən
vandalizmə və mədəni soyqırıma (kulturosidə) məruz qalmış Qarabağ
xanlarının İmarət Kompleksində 2023-2024-cü illərdə AMEA
Arxeologiya və Antropologiya İnstitutu əməkdaşları tərəfindən
arxeoloji tədqiqatlar aparılıb, işğalçılar tərəfindən törədilmiş
vandazlim aktları qeyd edilib və dəfn abidələrinin yeri
müəyyənləşdirilib.
Dövlət və özəl təşkilatlarının birgə səyi nəticəsində ərazidə
erməni işğalçılarının törətdiyi vandalizmin nəticələri aradan
qaldırılıb, müasir dünya standartlarının şərtlərinə cavab verən
muzey kompleksi inşa edilib.
Abidələr kompleksi ərazisində Prezident İlham Əliyevin 20 fevral
2025-ci il tarixli Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin
balansında “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.

