
Dünya Güləş Birliyinin (UWW) bu ilin yanvarından etibarən tətbiq etməyə başladığı yeni qaydalarda bir sıra mühüm dəyişikliklər yer alıb.
Bunu “Report”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri, l-S dərəcəli referi Asif Şirəliyev bildirib.
Mütəxəssis qaydalardakı yeniliklərin detallarını açıqlayıb:
“Məsələn, 26-cı maddədə qeyd edilib ki, idmançı zədələndiyini əsas gətirərək görüşü dayandırarsa, ancaq həkim onda ciddi bir zədə və yaxud da qanaxma aşkarlamazsa, o zaman rəqibə 1 xal verilir və görüş davam etdirilir. Parterdə müdafiə olunan güləşçi bilərəkdən xalçanı tərk edərsə, rəqibə 1 xal yazılır. Daha sonra yenidən parter vəziyyətində qarşılaşma davam edir”.
Asif Şirəliyev yunan-Roma güləşindəki cərimələrlə bağlı dəyişikliyi də vurğulayıb:
“Əvvəllər yunan-Roma güləşində idmançı ayaqdan istifadə edərdisə, ilk dəfə rəqibin hesabına cərimə xalı yazılırdı, növbəti dəfə eyni hal baş verəndə isə qaydanı pozan güləşçi diskvalifikasiya olunaraq qarşılaşmanı məğlub başa vururdu. İndi isə bunu aradan qaldırıblar. Bunu 2-3 dəfə etsə də, yeni qaydalara əsasən güləşçini yalnız müvafiq qaydada xalla cərimələyirlər”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


