Aİ ölkələrinin ordusu terror təşkilatı hesab olunur – İran parlamentinin sədri

Baş səhifə

Bakı. Trend:

İran parlamentinin qəbul etdiyi qanuna əsasən İslam İnqilabı
Keşikçilər Korpusunun (SEPAH) terror qruplaşması elan olunmasına
qarşılıq olaraq Avropa İttifaqına üzv ölkələrin orduları terror
təşkilatları hesab olunur.

Trend-in
məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir
Qalibaf bu gün (1 fevral) parlamentin plenar iclasında deyib.

Onun sözlərinə görə, bu addımın mənfi nəticələrində Avropa
İttifaqı məsuliyyət daşıyır.

“Avropa İttifaqının terrorizmin genişlənməsinə ən böyük maneə
olan SEPAH-a zərbə vurmaq üçün göstərdiyi səy əslində özünə zərbə
vurmaq mənasındadır”, – deyə o qeyd edib.




Parlamentin iclasında rəyasət heyətinin üzvü Əlirza Səlimi
bildirib ki, Avropa İttifaqına üzv ölkələrin ordularının terrorçu
hesab olunduğunu nəzərə alaraq, bu birliyə üzv ölkələrin
səfirliklərindəki hərbi attaşelərinin ölkədən çıxarılması diqqət
mərkəzində saxlanılmalıdır.

Parlament sədri Məhəmməd Baqir Qalibaf da parlamentin Milli
Təhlükəsizlik və Xarici Siyasət komitəsinin İran Xarici İşlər
Nazirliyi ilə məsələni diqqətdə saxlamağa göstəriş verib.

Qeyd edək ki, Avropa İttifaqı 29 yanvarda İran İslam İnqilabı
Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb və
İranda son etirazlarda amansızlıq göstərməkdə ittiham edib.