
Bakı. Trend:
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası
tərəfindən xalqımıza qarşı törədilən dəhşətli cinayətə ilk obyektiv
siyasi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən
verilib.
Bunu Trend-ə
açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd
edib ki, məhz Heydər Əliyev bu faciəni yüksək tribunalardan dilə
gətirərək sovet imperiyasının Azərbaycan xalqına qarşı cinayətini
ifşa edib:
“Məlum olduğu kimi, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı
törədilən bu dəhşətli cinayəti gizli saxlamağa çalışır, xalqımızın
milli-azadlıq hərəkatını qan gölündə boğmağa cəhd edirdi. Buna görə
də 20 Yanvar faciəsi haqqında hər hansı informasiyanın
ictimaiyyiləşməsinə imkan vermir, baş verənləri ört-basdır etməyə
çalışırdı. Heydər Əliyev məhz belə bir zamanda özünün və bütün ailə
üzvlərinin təhlkəsizliyini riskə ataraq 20 Yanvar faciəsi ilə bağlı
həqiqətləri cəsarətlə dilə gətirdi. Baş verən hadisədən cəmi bir
gün sonra – 21 yanvar 1990-cı ildə faciə ilə əlaqədar Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edən
Heydər Əliyev, sovet ordusunun Bakıdakı cinayətinin hüquqa,
humanizmə, insanlığa zidd olduğunu bildirdi.
7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin
sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev, 20 Yanvar
hadisəsinin sifarişçilərinin və icraçılarının müəyyən edilərək
məsuliyyətə cəlb edilməsi məsələsini qaldırdı. 1994-cü il martın
29-da Heydər Əliyevin səyi ilə Milli Məclis 20 Yanvar faciəsinə
dövlət səviyyəsində tam siyasi-hquqi qiymət verdi. Parlamentin
qərarında açıq şəkildə qeyd edildi ki, 20Yanvar hadisələri
Azərbaycan xalqının milli-azadlıq hərəkatını boğmaq, öz taleyini
həll etmək üçün ayağa qalxan xalqa sovet hərb maşınının gücünü
nümayiş etdirmək üçün törədilib.
20 Yanvar faciəsinin üzərindən 36 il ötsə də, xalqımız bu gün də
sovet tanklarına yalın əllə meydan oxuyan qəhrəmanlarını ehtiramla
anmaqda, onlarla qürur duymaqdadır. Xalqın öz qəhrəmanlarına olan
münasibəti onu deməyə əsas verir ki, illər, əsrlər sonra da 20
Yanvar şəhidləri xalqımız tərəfindən sevgi və qürur hissi ilə
xatırlanmaqda davam edəcək, onların qəhrəmanlığı gənclərimiz üçün
sonsuza qədər ilham mənbəyi olaraq qalacaq”.

