
Bakı. Trend:
Fransada Yeni il gecəsi yandırılan avtomobillərin sayı 1 000-i
keçib.
Trend xəbər verir
ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin yenilənmiş
statistikası məlumat yayıb.
Kommünikedə bildirilib ki, “Keçən illə müqayisədə yanğın
nəticəsində zərər çəkən nəqliyyat vasitələrinin sayında artım
müşahidə olunub: 1 173 avtomobil yanıb, ötən il isə 984 avtomobil
yanmışdı”. Səhər saatlarında BFMTV hüquq-mühafizə orqanlarındakı
mənbəyə istinadla gecə ərzində 813 avtomobilin yandırıldığını
bildirib.
Yeni il gecəsi polis əməkdaşlarına bir neçə dəfə xuliqan
hücumları baş verib. Hadisələrin əksəriyyəti ölkənin şimal və şərq
bölgələrində qeydə alınıb, ən ciddi toqquşmalar Strasburqda baş
verib. Buna baxmayaraq, Daxili İşlər Nazirliyi hesab edir ki, bu
hadisələr ötən illə müqayisədə daha az ciddi olub.
Ümumilikdə, Yeni il gecəsi polis və jandarmlar 505 nəfəri
saxlayıb, onlardan 403-ü nəzarət altına alınıb. Parisdə isə əsasən
zorakılıq və vandalizm ittihamı ilə 125 nəfər saxlanılıb, onlardan
75-i həbs edilib.


