
Bakı. Trend:
Azərbaycanda heyvandarlıq sektorunda istehsal xərclərinin
azaldılması məqsədilə kökəltmə üçün idxal olunan gənc heyvanların
əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı təşəbbüs
gündəmdədir.
Trend xəbər
verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bu
gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və KOBİA-nın
təşkilatçılığı ilə keçirilən “Süd və ət istehsalı üzrə mövcud
problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin
qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə zamanı deyib.
Onun sözlərinə görə, kökəltmə məqsədilə idxal edilən gənc
heyvanların həm gömrük rüsumundan, həm də ƏDV-dən azad olunması
istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.
O həmçinin qeyd edib ki, gömrük rüsumu ilə bağlı sənəd artıq
müvafiq mərhələdədir və imzalanması gözlənilir:
“ƏDV məsələsinin isə kənd təsərrüfatının ümumi vergi rejimi üzrə
nəzərdə tutulan islahatlar çərçivəsində dəyərləndirilir, bu
istiqamətdə aidiyyəti qurumlarla müzakirələr aparılır və qərarın
vergi islahatları paketində əks olunması planlaşdırılır.
Azərbaycanda heyvandarlıq sahəsinə investisiya qoyuluşunu
stimullaşdırmaq məqsədilə yeni maliyyə mexanizmlərinin tətbiqi
nəzərdə də tutulur. Bu məqsədlə kredit faizlərinin müəyyən
hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması, eləcə də
investisiya layihələrinin dəyərinin bir hissəsinin birbaşa maliyyə
dəstəyi ilə qarşılanması planlaşdırılır”.


