Ailə institutunu nüfuzdan salan informasiyaya görə “MTV” kanalına xəbərdarlıq edilib

Baş səhifə

Bakı. Trend:

17 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual
Şurasının onlayn iclası keçirilmişdir. İclasda “MTV” kanalının
efirində baş vermiş pozuntu halı müzakirə olunub.

Trend bu barədə
Audiovizual Şuraya istinadən xəbər verir.

Bildirilib ki, “MTV” kanalının efirində 28.11.2025 tarixdə, saat
10:04-11:54 arası yayımlanan “Xoş sabah” proqramında ailə həyatının
görünən və görünməyən tərəfləri, qadın-kişi münasibətlərindəki
çətinliklər, müasir ailələrə təsir edən sosial basqılar, rolların
dəyişməsi mövzuları müzakirə edilib:




“Proqramda iştirak edən qonaqlardan biri “İnsanlar düşünürlər ki
boşanma ay pisdir, xaosdur. İnkişaf deməkdir. Nə mənada? Qadınların
hüquqları artmağa başladıqca özünü ifadə etmək, inkişaf başladı.
Yəni mən də insanam. Mən də sənin qədər, sənin duyduğun qədər,
sənin kimi mənim də ehtiyaclarım var. Ortaya çıxmağa başladı. Qadın
hüquqları artıqca, boşananların sayı artmağa başladı. Bu da
inkişafı göstərir, əslində cəmiyyətdə. Sivilizasiya inkişaf etməyə
başlayıb və bütün sivilizasiyalar məhz xaos üzərindən olur. Boşanma
pis bir şey deyil. Boşanma o deməkdir ki, insanlar artıq
fərqindədir ki, əvvəllər dözərək yaşayırdılar, şiddətə dözürdülər,
susurdular hər bir şeyə. Bügün o söhbət yoxdur artıq. Bügün artıq
insanlar necə deyərlər, partnyorluğa önəm verirlər, birlikdə
yaşamağa.” ifadələrini işlətməklə öz mövqeyini ifadə etmişdir.
Digər bir qonaq isə, buna cavab olaraq “Bu inkişaf deyil,
əxlasızlıqdır” ifadəsindən istifadə edib. Boşanmanın inkişaf kimi
təqdim edilməsi və ya tam əksinə olaraq bunun əxlaqsızlıq
adlandırılması, ümumən isə, redaksiya nümayəndəsinin (bu halda,
aparıcının) belə fikirlərə zəruri müdaxilə etməməsi Audiovizual
Şuranın monitorinq mütəxəssisləri tərəfindən qanunvericilik
pozuntusu kimi qeydə alınıb, zəruri prosedurlara uyğun olaraq
araşdırma aparılıb, hüquqşünaslar tərəfindən pozuntu faktı təsbit
olunub”.

İclas zamanı Audiovizual Şura üzvləri məsələni ətraflı müzakirə
ediblər. Qeyd olunub ki, boşanma haqqında danışmaq, müzakirələr
keçirmək olar, amma boşanmanın “inkişaf” kimi təqdim olunması,
digər tərəfdən, boşanmanın əxlaqsızlıqla eyniləşdirilməsi
qəbuledilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci
maddəsində açıq bəyan edilir ki, ailə cəmiyyətin əsas özəyidir və
dövlətin himayəsindədir. Azərbaycan Respublikasının Ailə
Məcəlləsində boşanma hüququ tanınır, amma boşanma müsbət sosial
dəyər kimi təqdim edilmir və ailənin qorunması prioritet hesab
olunur. Audiovizual Şuranın üzvləri tərəfindən “boşanmaq
inkişafdır” ifadəsi Ailə Məcəlləsinin, habelə “Media haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunların
bir sıra müddəalarının məqsəd və ruhuna zidd mesaj kimi
qiymətləndirilmiş, qeyd olunan yayımla bağlı “MTV” kanalına ciddi
xəbərdarlıq olunub.

“Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyin
tələblərinə ciddi əməl etməyə, redaksiya nəzarətini gücləndirməyə,
yayım zamanı ictimai dəyərlərə hörmət etməyə, həssas mövzularda,
xüsusilə ailə, uşaq, nikah mövzularında diqqətli olmağa çağırır”, –
məlumatda qeyd olunub.