
Bakı. Trend:
Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa indiyədək
olmadıqları qədər yaxındırlar.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip
Ərdoğan Beştəpədə Türkiyə səfirlərinin 16-cı qurultayında etdiyi
çıxışda bildirib.
Ərdoğan illərlə sülhə həsrət qalan Cənubi Qafqazın tarixi
dönəmdən keçdiyini bildirib.
“Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa indiyədək
olmadıqları qədər yaxındırlar. Azərbaycanla dialoq şəraitində biz
də Ermənistanla normallaşma prosesini irəlilədirik. İnşallah, gələn
ilin əvvəlindən etibarən bəzi simvolik addımlar atılacaq”,- deyə
Ərdoğan bildirib.
Türkiyə prezidenti eyni zamanda son günlər Qara dənizdə ticarət
gəmilərinə edilən hücumları pisləyib.
“Son günlərdə həyata keçirilən qarşılıqlı hücumlar Qara dənizdə
gəmiçilik təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Ticarət və
mülki gəmilərin hədəf alınması heç kəsə fayda gətirməz. Bu məsələ
ilə bağlı hər iki tərəfə xəbərdarlıqlarımızı açıq və aydın şəkildə
çatdırırıq”,- deyə Ərdoğan vurğulayıb.


