Bakı. Trend:
Böyük Britaniya hökuməti Karib dənizindəki şübhəli gəmilər
barədə kəşfiyyat məlumatlarının ABŞ-yə ötürülməsini dayandırıb.
Trend xəbər verir
ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, London Venesuela sahillərində ABŞ hərbçilərinin
fəaliyyətinə şərik olmaq istəmir və bu gəmilərə edilən hücumları
qanunsuz hesab edir.
Məlumata görə, Karib dənizində beş dənizaşırı əraziyə nəzarət
edən Böyük Britaniya regiondakı kəşfiyyat bölməsi vasitəsilə
illərlə ABŞ-yə narkotik daşıdığı ehtimal edilən gəmiləri
aşkarlamaqda kömək edib. Bu məlumatlar əsasında ABŞ Sahil
Mühafizəsi şübhəli gəmiləri saxlaya, yoxlaya, narkotikləri müsadirə
edə və ekipaj üzvlərini həbs edə bilirdi.
Xatırladaq ki, sentyabrdan etibarən Prezident Donald Trampın
əmri ilə ABŞ Venesuela sahillərində narkotik kartelləri ilə əlaqəli
gəmilərə zərbələr endirir. Böyük Britaniya hökuməti 70-dən çox
insanın öldürüldüyü bu hücumlarda onların kəşfiyyat məlumatlarından
istifadə edilə biləcəyindən narahatlığını ifadə edib.

