Baş nazirin müavini Dohada BMT-nin İkinci Dünya Sosial Sammitində iştirak edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Noyabrın 4-də Qətərin paytaxtı Doha şəhərində BMT-nin İkinci
Dünya Sosial Sammiti öz işinə başlayıb. Sammitdə 8 mindən çox
qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, alimlər,
Birləşmiş Millətlər Təşkilatının təmsilçiləri, vətəndaş cəmiyyəti
və özəl sektorun, gənclər təşkilatlarının nümayəndələri iştirak
edir.

Nazirlər Kabinetindən Trend-ə verilən xəbərə görə, Azərbaycan Respublikası
Prezidentinin tapşırığı ilə Sammitdə ölkəmizi Baş nazirinin müavini
Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinə Azərbaycan Əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini, Dövlət Səhərsalma və Arxitektura Komitəsinin
sədri, Qətər Dövlətindəki səfir, Dayanıqlı İnkişaf üzrə Milli
Əlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti, və Xarici işlər
nazirlyinin məsul vəzifəli şəxsləri daxildir.

2030 Dayanaqlı İnkişaf Gündəliyinin reallaşdırılmasına, xüsusilə
də sosial inkişaf gündəliyinin təşviqinə həsr olunan Sammitin ilk
günündə “Doha Siyasi Bəyannaməsi” qəbul edilib.

Baş nazirinin müavini S. Şərifov Dünya Sosial Sammitinin plenar
iclasında çıxış edib. Çıxışda o, Azərbaycanda Kopenhagen
Bəyannaməsi üzrə sosial sahədə nəzərdə tutulan öhdəliklərin icrası
barədə məlumat vermiş və sosial inkişaf məsələləri üzrə beynəlxalq
əməkdaşlığa yaxından qoşulduğunu və bir çox inkişafda olan ölkələrə
təhsil, səhiyyə, və humanitar sahədə yardım göstrədiyini
bildirmişdir.

O, həmçinin bu ölkələrlə sosial və dövlət xidmətlərinin xüsusi
yaradılmış mərkəzlər vasitəsilə əhaliyə effektiv göstərilməsində
Azərbaycanın uğurlu təcrübəsini bölüşdüyünü, bu istiqamətdə
əməkdaşlığın genişləndirilməsinə və həmin ölkələrə yardım
göstərilməsini davam etdirməyə hazır olduğunu bəyan etmişdir.

Eyni zamanda, 2024-cü ildə Bakıda keçirilmiş Qlobal İqlim
Konfransı (COP29) çərçivəsində İqlim Davamlılığı üçün İnsan
İnkişafına dair Bakı Rəhbər Prinsiplərinin qəbul edildiyini qeyd
edərək 2026-cı ildə Bakıda həmin prinsiplərin gercəkləşdirilməsi
məqsədilə 13-cü Ümümdünya Şəhərsalma Forumunun və BMT-nin Asiya və
Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının növbəti illlik
sessiyasının keçirilməsinə Azərbaycanın ev sahibliyi edəcəyini
bildirmişdir.

Sonda S.Şərifov Azərbaycan Respublikasının yenicə qəbul edilmiş
Doha Siyasi Bəyannaməsinin və cari ilin iyulunda qəbul edilmiş
İnkişaf üçün Maliyyələşdirmə üzrə Sevilya Bəyannaməsindən irəli
gələn öhdəliklərin beynəlxalq əməkdaşlıq çərçivəsində icra
edilməsinə Azərbaycanın sadiqliyini, ona müvafiq dəstəyin
göstərilməsini davam edəcəyini bir daha təsdiqləmişdir.

Azərbaycan nümayəndə heyəti Sammit çərçivəsində keçirilmiş
“Aclıq və Yoxsulluğa qarşı Qlobal Alyansı”ın birinci iclasında,
“Sosial inkişafın üç sütununun gücləndirilməsi: yoxsulluğun aradan
qaldırılması, tam və məhsuldar məşğulluq və hamı üçün layiqli əmək
və sosial inteqrasiya” mövzusunda təşkil olunan dəyirmi masada,
eləcə də bir sıra ikitərəfli görüşlərdə iştirak etmişdir.

İkinci Dünya Sosial Sammiti noyabrın 6-dək davam edəcək.

İlk Dünya Sosial Sammiti 30 il əvvəl Danimkaranın paytaxtı
Kopenhagendə keçirilib və Sosial İnkişaf üzrrə Kopenhagen
Bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşmışdı.