Bakı. Trend:
Vesteros şəhərində keçirilən “Mötədillər” Partiyasının
qurultayında İsveçin maliyyə naziri Elizabet Svantesson ölkədə əmək
vergilərinin səviyyəsini yüksək qiymətləndirərək, onların
azaldılmasının vacibliyini bildirib.
Trend xəbər verir
ki, nazir çıxışı zamanı hökumətin gəlir vergisi sistemini
sadələşdirməyi, eləcə də əmək, təhsil və sahibkarlığı daha
cəlbedici etməyi planlaşdırdığını qeyd edib.
Təqdim olunan yeni iqtisadi proqram əmək vergilərinin
hesablanması üçün yeni prinsiplərin tətbiqini, mövcud sistemin
dəyişdirilməsini və dövlət gəlir vergisi ödəyən vətəndaşların
sayının azaldılmasını nəzərdə tutur.
Maliyyə bazarları naziri Niklas Vikman bu təşəbbüsü 1990-cı
illərdən bəri ən böyük vergi islahatı adlandıraraq, onun sistemin
daha sadə və ədalətli olmasına xidmət edəcəyini vurğulayıb.
Hökumət artıq on milyardlarla kron həcmində vergi endirimi
həyata keçirib. Lakin E. Svantessonun sözlərinə görə, bu hələ
kifayət deyil:
“Yuxarı vergi dərəcələri hələ də 50 faizi keçir və bu
ədalətsizdir,” – deyə o bildirib.
Nazir əlavə edib ki, dövlət ehtiyacdan artıq vergi
toplamamalıdır və İsveç iqtisadiyyatının rəqabət qabiliyyətini
artırmaq məqsədilə korporativ vergilərin də əlavə endirilməsinə
çalışır.

