
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə Qaracik Zeyid kəndində səyyar qəbul
keçirib.
Trend xəbər verir ki, qəbulda
Aşağı Zeyid İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan
Qaracik Zeyid, Aşağı Zeyid, Qaraçayçək, Qaracik, Şıxhaput,
Alıcqışlaq və Çılğır kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi
müraciətlərin həlli istiqamətində görülən işlərə görə
minnətdarlıqlarını bildiriblər, həmçinin elektrik təsərrüfatının
yenilənməsi, yeni körpü keçidinin inşası və digər müraciətlər
səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini diqqətlə dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara
müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerindəcə həllini
tapıb.
Sakinlər əhalinin problemlərinin həllinə yönəlmiş tədbirlərin
davamlı xarakter daşıdığını vurğulayaraq, göstərilən yüksək diqqət
və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin
minnətdarlıqlarını ifadə ediblər.

