
Bakı. Trend:
Qlobal iqtisadi şərtlərin dəyişməsi və ənənəvi artım
drayverlərinin transformasiyası fonunda Azərbaycanda iqtisadi
inkişafın yeni mərhələsinə keçid müşahidə olunur.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu energetika nazirinin
müavini Elnur Soltanov Bakıda keçirilən “TECHNOVATION: Davamlı
İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” mövzusunda
konfransda bildirib.
Onun sözlərinə görə, ölkə keyfiyyətcə yeni iqtisadi mərhələyə
daxil olur. Bu mərhələdə sürətli artımı təmin edən əvvəlki amillər
əvvəlki əhəmiyyətini itirir, əvvəlki inkişaf dövründə formalaşmış
insan kapitalı, tələb və işgüzar əlaqələr isə yeni inkişaf
mərhələsi üçün əsas yaradır.
E.Soltanov qeyd edib ki, iqtisadi şaxələndirmə özlüyündə məqsəd
kimi qəbul edilməməlidir.
Onun sözlərinə görə, əsas prioritet iqtisadi artım və dayanıqlı
inkişafdır, şaxələndirmə isə məhz bu məqsədlər kontekstində
qiymətləndirilməlidir.
“Şaxələndirmə iqtisadiyyatın dayanıqlığının artırılması
baxımından vacibdir. Lakin bəzi hallarda bu, rentabelli olmayan
müəssisələrin dəstəklənməsinə gətirib çıxara bilər. Buna görə də
şaxələndirməyə yanaşma balanslı olmalıdır. Azərbaycan
iqtisadiyyatında 2020-2025-ci illər ərzində neft hasilatının
sabitləşməsi və qaz hasilatında əhəmiyyətli artım müşahidə olunur.
Bununla belə, gələcəkdə belə kəskin artım templərinin davam edəcəyi
gözlənilmir”, – deyə o bildirib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rolundan danışan nazir
müavini şirkətin transformasiyasını və beynəlxalq fəaliyyətinin
genişlənməsini xüsusi vurğulayıb. O xatırladıb ki, SOCAR ölkə
hüdudlarından kənarda, o cümlədən Gürcüstan, Türkiyə və Avropa
bazarlarında, xüsusilə İtaliyada fəaliyyətini inkişaf etdirir.
E.Soltanov qeyd edib ki, SOCAR artıq yalnız neft və qazın
hasilatı və emalı ilə kifayətlənmir, həm də kompetensiyaların və
toplanmış biliklərin ixracına daha çox fokuslanır. Onun sözlərinə
görə, bu, ölkənin iqtisadi inkişafının mühüm göstəricilərindən
biridir.

