WUF13-ün üçüncü günü başa çatdı (FOTOREPORTAJ)

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının (WUF13) üçüncü günü yekunlaşıb.

Trend xəbər
verir ki, dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından
biri hesab olunan, 182 ölkədən 40 mindən artıq iştirakçı
qeydiyyatdan keçdiyi forumun üçüncü günü də bir sıra mühüm
tədbirlər və hadisələrlə yadda qalıb.

Belə ki, bu gün Azərbaycanın Şuşa və Türkiyənin Trabzon
şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

Bundan başqa EXPO URBAN sərgisi çərçivəsində “İkinci həyat –
xalçaların üzərində rəsm” layihəsi adlı sərgi nümayiş
etdirilib.

Üçüncü gününün proqramı əsasən qlobal mənzil böhranı, təhlükəsiz
və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı və
innovativ urbanizasiya modellərinə həsr olunub.

Günün əsas sessiyalarından biri “Qlobal mənzil böhranı: Plan
nədir?” mövzusunda keçirilən dialoq olub. Sessiyada mənzil
əlçatanlığı, sosial bərabərlik və şəhərlərdə yaşayış şəraitinin
yaxşılaşdırılması məsələləri müzakirə olunub.

Bununla yanaşı, “Mənzilin sosial və iqtisadi gücü”, “Şəhərlər
üçün süni intellekt”, “Məlumatdan qərarlara: Süni intellekt, məkan
təhlili və hamı üçün mənzil”, “İqlimə davamlı şəhərlər və icmalar”,
“Şəhər planlaması iqlim fəaliyyətidir” kimi mövzularda sessiyalar
təşkil edilib.

Ekspertlər və beynəlxalq təşkilat nümayəndələri şəhərlərin
gələcək inkişafında rəqəmsal texnologiyaların, məlumat əsaslı
idarəetmənin və yaşıl həllərin rolunu xüsusi vurğulayıblar.

Üçüncü gün çərçivəsində həmçinin “Hamı üçün mənzil”, “Qadınların
gücləndirilməsi üçün təhlükəsiz və dayanıqlı yaşayış”, “Əlilliyi
olan şəxslər üçün inklüziv şəhərlər”, “Gənclərin şəhər
idarəçiliyində rolu”, “İqlim maliyyəsinin şəhərlərə
yönləndirilməsi”, “Dayanıqlı və əlçatan nəqliyyat”, “Müharibədən
zərər görmüş şəhərlərin bərpası” və “Qeyri-rəsmi yaşayış
məntəqələrinin transformasiyası” kimi mühüm mövzular üzrə tədbirlər
də keçirilib.

“İstiyədavamlı şəhərlər”, “Təbiət əsaslı həllər”, “Yaşıl və
dayanıqlı yaşayış”, “Su resurslarının idarə olunması”, “Şəhərlərdə
enerji ədaləti” kimi mövzularda keçirilən tədbirlərdə urbanizasiya
ilə ekoloji davamlılıq arasındakı əlaqələr müzakirə olunub.

Bu gün həmçinin “World Cities Report 2026” hesabatının
təqdimatı, Afrika regionu və digər beynəlxalq platformalar üzrə
yüksək səviyyəli görüşlər, eləcə də şəhər inkişafı və mənzil
siyasətinə dair xüsusi sessiyalarla da yadda qalıb.

Qeyd edək ki, mayın 22-dək davam edəcək WUF13 BMT-nin
Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə
təşkilatçılığı ilə keçirilir. Forum “Dünyanı məskunlaşdırmaq:
Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunub
və qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya, şəhər
dayanıqlılığı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və müasir
şəhər idarəçiliyi kimi mühüm məsələləri əhatə edir.

WUF13-ün üçüncü günündən fotoları təqdim edirik:

Foto – Arif Quluzadə