
Bakı. Trend:
Rusiya universitetləri sentyabrın 1-dən etibarən rəsmi olaraq
Bolonya prosesindən imtina edəcək. Bu proseslə ənənəvi “bakalavr-magistr” modeli ləğv edilir və yeni struktura keçid
başlayır. Yəni, növbəti tədris ilindən etibarən Rusiyada tələbələr
üçün “əsas ali təhsil” və “ixtisaslaşmış ali təhsil” səviyyələri
anlayışları yaranacaq.
Azərbaycanda isə ali təhsil müəssisələrində Bolonya sistemi
işləyir. Bu halda Rusiya universitetlərinin məzunlarının aldığı
ixtisasların tanınmasında çətinliklər yarana bilərmi?
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Trend-in sorğusuna cavab
olaraq bildirilib ki, Bolonya sistemindən çıxdıqdan sonra da Rusiya
universitetlərinin diplomları ölkəmizdə tanınacaq. Qeyd olunub ki,
zəruri hallarda əlavə sənədlər tələb oluna bilər:
“Xarici ali təhsil müəssisələrindən alınan yekun təhsil
sənədlərinin Azərbaycanda tanınması prosesi mövcud Diplomların
Tanınması Qaydalarına uyğun olaraq həyata keçirilir. Həmçinin,
Rusiyada tətbiq olunan yeni ali təhsil modelinə keçid kontekstində
əldə edilən ixtisasların tanınması da mövcud qaydalar çərçivəsində
qiymətləndiriləcək. Bundan əlavə, xaricdə əldə edilən ixtisasların
spesifik xüsusiyyəti nəzərə alınmaqla, təqdim edilən təhsil
sənədlərinin qiymətləndirilməsi zamanı zəruri hallarda əlavə
sənədlər tələb oluna bilər”.

