
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya
Diplomatiya Forumu çərçivəsində NATO-nun Baş katibinin müavini,
Tərəfdaşlıqlar üzrə Baş köməkçisi və Qafqaz və Mərkəzi Asiya üzrə
Xüsusi Nümayəndəsi səfir Kevin Hamiltonla görüşüb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, tərəflər Azərbaycan–NATO arasında uzunmüddətli
əməkdaşlığın əhəmiyyətini vurğulayaraq “Sülh naminə tərəfdaşlıq”
proqramı çərçivəsində həyata keçirilən fəaliyyətləri diqqətə
çatdırıblar.
Müzakirələr zamanı enerji təhlükəsizliyi və kritik
infrastrukturun qorunması sahələrində tərəfdaşlığın daha da inkişaf
etdirilməsi perspektivləri nəzərdən də keçirilib.
Nazir həmkarını regional inkişaflar, o cümlədən Ermənistanla
post-münaqişə normallaşma prosesi, azad olunmuş ərazilərdə aparılan
bərpa-quruculuq işləri və davamlı sülhə nail olunması istiqamətində
görülən tədbirlər barədə məlumatlandırıb.
Həmçinin qlobal təhlükəsizlik çağırışları, Yaxın Şərqdə
gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa hörmət və
mülki əhalinin qorunması məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.

