Finlandiyanın ilk qadın prezidenti Azərbaycan Evinin qonağı olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Finlandiyanın ilk qadın prezidenti Tarja Halonen Helsinki
Azərbaycan Evinin qonağı olub.

Trend xəbər verir ki, bu
barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Görüş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi, Helsinki Azərbaycan Evinin təşkilatçılığı ilə
keçirilib. Evin rəhbəri Ülviyyə Cabbarova sabiq prezident Tarja
Haloneni səmimi qarşılayaraq bu səfərin böyük əhəmiyyət daşıdığını
və qürurverici olduğunu bildirib.

Tarja Halonen Azərbaycan haqqında müsbət fikirlərini bölüşərək
iki ölkə arasında münasibətlərin inkişafında mədəniyyətin xüsusi
rol oynadığını vurğulayıb. Bu əlaqələrin daha da gücləndirilməsi
üçün konsert proqramlarının, mədəni tədbirlərin və Azərbaycanın
zəngin milli mətbəxinin təqdimatının mühüm vasitə ola biləcəyini
qeyd edib.

Görüşdə Finlandiyanın Azərbaycan, Gürcüstan və Ermənistan üzrə
sabiq fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
Bakıda keçirilən 29-cu sessiyasına (COP29) diqqət çəkib. O, həmin
müddətdə Helsinki Azərbaycan Evinin təşəbbüsü ilə görülən işlərin
uğurlu nəticələrindən danışıb.




Daha sonra Azərbaycan Evinin müəllimi Sura Ağaverdiyeva
Finlandiyada Azərbaycan dilinin qorunmasının və gələcək nəsillərə
ötürülməsinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, xaricdə
yaşayan soydaşlarımız üçün ana dili milli kimliyin əsas
dayaqlarından biridir.

Tədbirdə Azərbaycan Evinin fəaliyyəti haqqında videoçarx
göstərilib. Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının
Finlandiya üzrə koordinatoru, gənc musiqiçi Mona Savojifarın və
Helsinki Operasının müşayiətçisi Leyla Hüseynovanın ifasında
klassik və milli musiqi nümunələri səsləndirilib. Azərbaycan Evinin
nəzdindəki həftəsonu Azərbaycan məktəbinin şagirdlərinin Azərbaycan
və fin dillərində ifaları qonaqların zövqünü oxşayıb.

Görüşdə iki ölkənin diasporları arasında əməkdaşlığın daha da
inkişaf etdirilməsi yolları barədə müzakirələr aparılıb.

Yazıçı və tərcüməçi Tahirə Cəfərovanın Azərbaycan ədəbiyyatından
fin dilinə tərcümə etdiyi kitablar, eləcə də Azərbaycan Evinin
şagirdlərinin hazırladığı xüsusi əl işləri sabiq prezidentə hədiyyə
edilib.

Məlumat üçün bildirək ki, hazırda dünyanın 20 ölkəsində 32
Azərbaycan Evi fəaliyyət göstərir.