
Bakı. Trend:
2026-cı ildə Azərbaycanda gömrükdə beynəlxalq daşımalarda
əvvəlcədən məlumatlandırma sistemi tətbiq ediləcək.
Trend-in əldə
etdiyi məlumata görə, ilin sonunadək bununla bağlı normativ hüquqi
baza təkmilləşdiriləcək.
Belə ki, Dövlət Gömrük Komitəsi Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi ilə birlikdə 2026-cı il dekabrın 1-dək gömrük məqsədləri
üçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin
qurulması məqsədilə normativ hüquqi bazanı
təkmilləşdirilməlidir.
Qeyd edək ki, gömrük məqsədləri üçün beynəlxalq daşımalarda
əvvəlcədən məlumatlandırma sisteminin qurulması Prezident İlham
Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı
Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb.
Konsepsiyada Dövlət Gömrük Komitəsinə İqtisadiyyat Nazirliyi və
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə 2026-2028-ci
illərdə daşıyıcılara dair normativ hüquqi bazanın
təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin dövlət
sərhədindən buraxılış məntəqələrindən sürətli keçidinin təmin
olunması və çevik gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə
beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin
hazırlanması, daşıyıcılar tərəfindən əvvəlcədən təqdim olunan
məlumatların gömrük sisteminə inteqrasiyasının təmin edilməsi
tapşırılıb.

