Qərarların qəbulu qlobal tərəfdaşlıqlar tələb edir – Çiriboqa

Baş səhifə

Bakı.Trend:

Çoxtərəfli diplomatiya şəraitində qərarların qəbulu mürəkkəb
məsələdir və BMT qlobal problemlərin həlli üçün əsas platforma
olaraq qalır.

Trend xəbər verir
ki, bunu Qlobal Cənub QHT Platformasının (GSNP) Latın Amerikası
regionu üzrə baş katibinin müavini Luis Qalyeqos Çiriboqa (Luis
Gallegos Chiriboga) WUF13 çərçivəsində keçirilən “Qlobal
tərəfdaşlıq və qərarların qəbulu” mövzusunda QHT Forumunda
deyib.

“Müasir geosiyasi vəziyyət qeyri-müəyyənlik və beynəlxalq hüquq,
danışıqlar və münaqişələrin həlli mexanizmlərinə deyil, güc
tətbiqinə və ya onun tətbiqi təhdidinə əsaslanan dünya nizamı ilə
xarakterizə olunur”, – deyə baş katibin müavini bildirib.

O qeyd edib ki, bu şəraitdə əsas qlobal çağırışların həllini
təmin edə biləcək qlobal tərəfdaşlıqların təşviqi xüsusi əhəmiyyət
daşıyır.

Qalyeqos vurğulayıb ki, qlobal tərəfdaşlıq dövlətləri, özəl
sektoru, qeyri-hökumət təşkilatlarını, beynəlxalq təşkilatları,
vətəndaş cəmiyyətini, yerli icmaları və akademik dairələri əhatə
edir.




Onun sözlərinə görə, bu qədər geniş iştirakçı dairəsinin
birləşdirilməsi fikir ayrılıqlarının aradan qaldırılması və ümumi
rifahın qorunması üçün siyasi iradə tələb edir.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən
forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın
gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları,
ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya
gətirir.