
Bakı. Trend:
Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusi
xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə
dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan
Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin
salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilən Zahirəddin
İbrahimov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)
başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası
keçirilib.
Trend xəbər verir
ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin
sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket
məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah
edilib.
Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul
edib.
Məhkəmənin baxış iclası 16 aprelə təyin edilib.
Qeyd edək ki, Zahirəddin İbrahimov DTX-də başlanılmış cinayət
işi üzrə ötən ilin mart ayında həbs edilib.
Müəyyən edilib ki, Zahirəddin İbrahimov maddi maraq müqabilində
məxfi əməkdaşlığa cəlb olunmaqla xarici xüsusi xidmət orqanlarının
Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı,
dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi
tapşırıqları yerinə yetirib, genişmiqyaslı destruktiv separatçı
təşkilatlanma işi aparıb.
Ona AR Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281-1.2
(Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına
yönələn atributları və simvolları qabaqcadan əlbir olan bir qrup
şəxslə birlikdə nümayiş etdirmə və yayma), 281-1.3 (Azərbaycan
Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn
atributları və simvolları xarici təşkilatların və onların
nümayəndələrinin tapşırığı ilə nümayiş etdirmə və yayma), 281.3
(xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə
dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət
və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə
ittiham elan olunub.


