Sumqayıtda sel suları yarımstansiya və transformator məntəqələrinə dolub

Baş səhifə

Bakı. Trend:

Bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli
yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik
Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində
qısa müddətli məhdudiyyət yaradıb.

Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat veriib.

Bildirilib ki, buna səbəb leysan xarakterli yağışların yağması
nəticəsində yağış sularının ətraf ərazilərə və eləcədə elektrik
yarımstansiyalarına, Paylayıcı Qurğulara (PQ), Transformator
Məntəqələrinə (TM) dolmasıdır.




Qəza halları nəticəsində Sumqayıtda bir neçə küçədə və Corat
qəsəbəsində 21-ci məhəllənin bir hissəsində elektrik enerjisinin
verilişində məhdudiyyətlər yaranıb.

Məlumata görə, intensiv yağışların davam etməsi, bir çox
ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının
ərazilərdən təmizlənməsi “Azərişıq” ASC əməkdaşlarına əlavə problem
yaradır.

“FHN əməkdaşlarının köməkliyi ilə “Azərişıq” ASC-nin əməkdaşları
yaranan qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır.
Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən
kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri
davam etdirilir. Hissə-hissə ərazilərin elektirk enerjisi ilə
təminatı həyata keçirilir”, – deyə quurmdan bildirilib.