
Bakı. Trend:
Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi davam
edilməlidir, çünki onların əldə edilməsi bütün bəşəriyyət üçün son
dərəcə vacibdir.
Trend xəbər
verir ki, bu barədə cümə günü Pekin Universitetinin Yeni Struktur
İqtisadiyyatı İnstitutunun dekanı, Milli İnkişaf Məktəbinin və “Cənub–Cənub” İnkişaf və Əməkdaşlıq İnstitutunun fəxri dekanı
Castin İfu Lin XIII Qlobal Bakı Forumunda “Dünyadakı
qarşıdurmaların öhdəsindən gəlmək: Keçid dövründə” mövzusunda çıxış
edərkən bildirib.
Onun sözlərinə görə, irəliləyiş nə qədər sürətlə baş versə də,
bütün 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) 2030-cu ilə qədər tam
şəkildə həyata keçirilməsi ehtimalı azdır. Lakin bu ambisiyalı
vəzifələr bəşəriyyətin rifahı naminə qoyulub.
“Beləliklə, onların müəyyən olunan müddət ərzində tam şəkildə
yerinə yetirilməsinin çətin olduğunu başa düşsək də, irəliləmək
üçün əlimizdən gələni etməliyik”, — deyə o qeyd edib.
Castin İfu Lin bildirib ki, gələcəkdə bu cür qlobal
təşəbbüslərin növbəti mərhələsi və ya yeni fürsət ortaya çıxdıqda,
əldə edilmiş təcrübə və nəticələr nəzərə alınmalıdır.
“O günümüzdə 17 Dayanıqlı İnkişaf Məqsədi mövcuddur və mənim
fikrimcə, onların əksəriyyətinin əldə edilməsi üçün əsas məqsəd DİM
№8 olmalıdır – davamlı və dayanıqlı iqtisadi artımın, tam və
məhsuldar məşğulluğun və hər kəs üçün layiqli işin təşviq edilməsi.
İnsanlar layiqli işlə təmin olunarsa, sabit və kifayət qədər gəlir
əldə edirlər. Bu, onları yoxsulluqdan çıxarmağa imkan verir. Gəlir
əldə etmək onlara özlərini və ailələrini ərzaqla təmin etməyə imkan
verir, bu da aclıqla mübarizə aparmağa kömək edir”, — o qeyd
edib.
Bundan əlavə, onun sözlərinə görə, layiqli məşğulluq və sabit
gəlir insanlara tibbi xidmət almağa imkan verir.
“Beləliklə, məhz layiqli məşğulluq bir çox dayanıqlı inkişaf
məqsədinin əldə olunması üçün əsas olmalıdır”, — deyə Castin İfu
Lin nəticə çıxarıb.


