Deputat: “Bəzi aqrar məhsulların bahalaşması əlavə tədbirləri zəruri edir”

Baş səhifə
ASK

  • 13 mart, 2026
  • 15:44
Deputat: Bəzi aqrar məhsulların bahalaşması əlavə tədbirləri zəruri edir

Azərbaycanda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə ətin bahalaşması əlavə tədbirlərin görülməsini zəruri edir.

“Report” xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin bu gün keçirilən plenar iclasında – Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.

Deputat təklif edib ki, qiymət artımının qarşısını almaq üçün müxtəlif dövlət qurumları – nazirliklər, dövlət komitələri, dövlət agentlikləri yardımçı təsərrüfatlar yaratsınlar: “Hər bir idarə, müəssisə və təşkilat torpaq sahəsi əldə edib orada aqrar məhsulların yetişdirilməsinə imkan yaradarsa, bu, həm bazarda qiymətlərin aşağı düşməsinə, o cümlədən həmin təşkilatlarda çalışan işçilərin ucuz kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına, həm xeyli insanın işlə təmin edilməsinə kömək edər”.

Onun sözlərinə görə, hökumətin aqrar sektorun inkişafı ilə bağlı gördüyü tədbirlər öz bəhrəsini verir: “Əkin və məhsul subsidiyalarının ödənilməsi, güzəştlərin tətbiqi, sahibkarlara qayğı və diqqət, vacib pilot layihələrin həyata keçirilməsi ən yüksək səviyyədə pambıq, dənli paxlalı bitkilər, üzüm və digər meyvə-tərəvəz məhsulları istehsalına imkan yaradıb. Su təminatı xeyli yaxşılaşıb, maddi-texniki təminat güclənib, sahibkarlara verilən güzəştli kreditlər artıb. İşğaldan azad olunmuş ərazilərdə 100 min hektarlarla torpağın yararlı hala salınıb əkin dövriyyəsinə daxil edilməsi, doğma yurd-yuvalarına qayıdan insanlara icarəyə verilməsi kənd təsərrüfatının gələcək inkişafına təkan verəcək”.

Bundan başqa, T.Rzayev deyib ki, Bakıda tıxac probleminin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilsə də, problem hələ tam həllini tapmayıb: “Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar. Yolu keçən hər bir adama görə maşının saxlanılması yolverilməzdir və elə bilirəm ki, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra belə keçidə icazə verilməlidir”.