“Xudafərin” və “Qız qalası” SES-lərinin tikintisi çərçivəsində satınalma proseduru aparılır

Baş səhifə

“Xudafərin” və “Qız qalası” Su Elektrik Stansiyalarının (SES) tikintisi istiqamətində satınalma proseduru həyata keçirilir.

APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Sənədə əsasən, Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının, habelə su elektrik stansiyalarının tikintisi” və “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi” layihələrinin icrası davam etdirilir.

“Hazırda “Xudafərin” və “Qız qalası” SES-lərin tikintisi istiqamətində satınalma proseduru həyata keçirilir. “Ordubad” su elektrik stansiyası üzrə su tənzimləyici qurğunun Azərbaycan tərəfinə aid hissəsində tikinti işləri tamamlanıb, İran tərəfdə görüləcək işlərlə bağlı müvafiq razılaşmalar aparılır”, – hesabatda qeyd olunur.

Hesabatda bildirilir ki, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli 235 nömrəli Fərmanına əsasən Nazirlər Kabinetinin 2025-ci il 5 mart tarixli 146s nömrəli Sərəncamı ilə “Azərenerji” ASC “Ordubad” su elektrik stansiyasının tikintisi layihəsi üzrə sifarişçi müəyyən edilib.