
Bakı. Trend:
İraq Kürdüstanının Ərbil şəhəri yaxınlığındakı hərbi bazaya
edilən hücum zamanı 7-ci Alp Atıcı Batalyonunun adyutant-rəisi
Arnaud Frion həlak olub.
Trend-in
məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron “X”
sosial şəbəkəsində yazıb.
“Millətin minnətdarlığını və həmrəyliyini onun ailəsinə və
yoldaşlarına bildirmək istəyirəm. Bir neçə hərbçimiz yaralanıb.
Fransa onlara və onların yaxınlarına öz dəstəyini ifadə edir”, –
deyə o bildirib.
Makron İŞİD-ə qarşı mübarizədə iştirak edən Fransa qüvvələrinə
edilən hücumu qəbuledilməz adlandırıb.
“Onların İraqdakı mövcudluğu yalnız terrorizmə qarşı mübarizə
kontekstindədir. İrandakı müharibə bu cür hücumlar üçün bəraət
qazandıra bilməz”, – deyə Fransa prezidenti əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Ərbil qubernatoru Omed Xoşnav İranın
hərbi bazaya dron hücumu nəticəsində altı Fransa əsgərinin
yaralandığını bildirmişdi. O, hamısının yüngül yaralandığını
bildirib.


