Bakı. Trend:
Beynəlxalq ictimaiyyət İrana qarşı müharibəni dayandırmaq üçün
təcili addımlar atmalıdır.
Trend xəbər verir
ki, bunu jurnalistlərə İslam Respublikasının BMT-dəki daimi
nümayəndəsi Əmir Səid İrəvani bildirib.
“Beynəlxalq ictimaiyyət İran xalqına qarşı bu qanlı müharibəyə
son qoymaq üçün dərhal hərəkətə keçməlidir. Xalqımızı, ərazimizi və
müstəqilliyimizi müdafiə etmək üçün bütün lazımi tədbirləri
görəcəyik”, – deyə o əlavə edib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb.
İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın strateji
əhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmiş
koordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata
“Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib.
Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxil
olmaqla İranın geniş ərazilərini əhatə edir.
İran həmin gün və sonrakı günlərdə cavab olaraq “Doğru Vəd 4”
əməliyyatına start verib və İsrailə və regiondakı ABŞ hərbi
bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər və İraqdakı
obyektlərə – ballistik raketlər və pilotsuz uçuş aparatları ilə
zərbələr endirməyə başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb. Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi
general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər
Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali
Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə
naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

