Şəhiddən qalan son foto: Anasının sonradan tanıdığı qəhrəman PƏNCƏLİ

Baş səhifə

2016-cı ilin aprelində cəbhə xəttində baş verən döyüşlər yaddaşlara həm də igid oğullarımızın göstərdiyi qəhrəmanlıqla həkk olundu. Həmin günlərdə Azərbaycan əsgərinin Vətən torpağını qorumaq üçün böyük şücaət göstərməsilə bərabər, bir çox yüksəkliklər də işğaldan azad edildi. Təəssüf ki, bu qələbələrin arxasında canını Vətənə qurban verən oğullarımız da oldu. Həmin dövrdə döyüş tapşırığını yerinə yetirərkən Vətən uğrunda canından keçən igidlərimizdən biri də Milli Qəhrəman Pəncəli Nurməmməd oğlu Teymurov idi.

Modern.az saytı “Şəhiddən qalan son foto” rubrikasının budəfəki təqdimatını cəsur gizirə həsr edir.

Şəhidin anası Vahimə Teymurovanın sözlərinə görə, təqdim etdiyimiz bu foto Pəncəli Teymurovun son fotosudur.

Vahimə xanım deyir ki, oğlunun xidmətdə olduğu müddətdəki şəkillərini də sonradan onun hərbçi yoldaşlarından alıblar.

“Biz Pəncəlini evdə görməmişik. O, evə gəlsin, bir gün, iki gün, üç gün evdə qalsın, dincəlsin, yox. 17 il onun yolunu gözləmişəm ki, nə vaxtsa, Pəncəli pensiyaya çıxacaq, qapıdan içəri girəcək, gəlib bizimlə doya-doya oturacaq, söhbət edəcəyik. Amma bu da nə ona qismət oldu, nə də bizə… Mən bir şəhid anası kimi Pəncəlidən heç nə eşitməmişəm. Açığı, əvvəl oğlumun gördüyü işlərin çoxundan da xəbərim yox idi. Onun hərbçi olduğunu bilirdim, amma nə iş gördüyünü, harada xidmət etdiyini bilmirdim. Sağlığında bizə bunları deməzdi. Bəzi şəkillərini də sonradan onun hərbçi yoldaşlarından almışıq. Mən oğlum Pəncəlini şəhid olandan sonra tanımışam…”

Vahimə ana deyir ki, sonradan xəbəri olub ki, onun oğlu Azərbaycan, Vətən, torpaq üçün çox şeylər edib:

“Bir neçə dəfə Türkiyəyə getmişdi. Orada kurs keçmişdi. Paraşütlə atlayış yarışlarında iştirak edib və iştirakçılar arasında birinci yeri tutmuşdu. Türkiyədə ona diplomlar, sertifikatlar verilmişdi. Hətta “Qızıl bayraq” medalı da təqdim etmişdilər. Biz bunların çoxunu sonradan öyrəndik.

Türkiyəyə gedəndə oradan həmişə əlaqə saxlayar, danışardı. Aprel döyüşləri başlayanda isə nə qədər etdim,  mənimlə danışmadı. Sonradan – aprelin 10-da xəbər tutduq ki, aprelin 2-dən 3-nə keçən gecə şəhid olub. Ayın 11-də isə nəşini gətirdilər. Oğlum haqqında çox şeyi biz onun öz dilindən eşitməmişik. Sonradan dostlarından, xidmət yoldaşlarından öyrənmişik…”

Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində dünyaya göz açıb. 1986-1998-ci illərdə Astara rayonunun B.Rüstəmov adına Asxanakəran tam orta məktəbində təhsil alıb. 1999-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti başa vurduqdan sonra könüllü olaraq yeni yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda xidmətini davam etdirib və 17 il orduda qulluq edib.

Gizir Pəncəli Teymurov 2016-cı ilin Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib, Murad Mirzəyev, Samid İmanov və Mühüd Orucovla birlikdə Talış yüksəkliklərinin geri alınması üçün vuruşub. O, 3 aprel 2016-cı ildə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamı ilə gizir Pəncəli Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bundan əlavə, o, hərbi xidmətləri zamanı müxtəlif medal və mükafatlarla da təltif olunub. 11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib.