
Bakı. Trend:
Almaniyanın aparıcı iqtisadi birlikləri hökuməti təcili
islahatlar həyata keçirməyə çağırıb.
Trend
“Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Alman Sənaye
Birliyi (BDI), Alman İşəgötürənlər Birlikləri Assosiasiyası (BDA),
Almaniya Sənaye və Ticarət Palataları Birliyi (DIHK) və Alman
Sənətkarlar Birliyinin (ZDH) imzaladığı bəyanatda ölkə
iqtisadiyyatının təhlükəli dönüş nöqtəsinə yaxınlaşa biləcəyi
barədə xəbərdarlıq edilib.
Almaniya Kansleri Fridrix Merts ilə Münxendə keçirilən
yüksəksəviyyəli görüş ərəfəsində səsləndirilən bəyanatda koalisiya
hökumətindən daha sürətli addımlar və daha çox cəsarət gözlənildiyi
bildirilib. Qurumlar Almaniyada biznes mühiti şərtlərinin son
illərdə əhəmiyyətli dərəcədə gərginləşməsi barədə xəbərdarlıq edib.
Qeyd olunub ki, iqtisadiyyat son vaxtlar misli görünməmiş
beynəlxalq çağırışlara baxmayaraq, dayanıqlılıq nümayiş etdirib.
Lakin üç ildir iqtisadi artımın olmaması fonunda bir çox göstərici
iqtisadi dayanıqlığın zəiflədiyini və təhlükəli dönüş nöqtəsinə
yaxınlaşdığını göstərir.
Birliklərin nümayəndələri hökumətin indiyədək irəli sürdüyü
təşəbbüslərin qənaətbəxş olmadığını vurğulayaraq, bu il pensiya
islahatının həyata keçirilməsini tələb edib, sosial sığorta
sistemində müəyyən xərclərin dövlət büdcəsi hesabına
maliyyələşdirilməsini təklif ediblər. Bundan başqa, Almaniyada
bürokratik prosedurların azaldılmasının sürətləndirilməsi də
tələblər arasındadır. Həmçinin enerji qiymətlərinin həddən artıq
yüksək olduğu qeyd edilib, bu sahədə struktur islahatlarının
reallaşdırılması, Almaniyanın enerji səmərəliliyi haqqında
qanununun Avropa qaydalarına daha çox uyğunlaşdırılması təklif
olunub.


