
Bakı. Trend:
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı
pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum, həmçinin
mülki əhalini təhlükə altına qoyan bu hadisə ilə əlaqədar Slovakiya
Respublikası adından və şəxsən öz adımdan səmimi həmrəyliyimi
bildirmək istəyirəm.
Biz bu hücumu qətiyyətlə pisləyirik. Bu cür davranış
qəbuledilməzdir, beynəlxalq hüququn pozulmasıdır və vəziyyətin daha
da gərginləşməsi riskini təhlükəli şəkildə artırır.
Slovakiya Respublikası gərginliyin azaldılmasına və məsələnin
sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir.
Eyni zamanda, icazə verin, Tehrandan təxliyə olunmuş
diplomatlarımıza göstərdiyiniz yardıma və qonaqpərvərliyə görə
hakimiyyət orqanlarınıza səmimi təşəkkürümü bildirim. Bu çətin
vəziyyətdə hakimiyyət orqanlarınızın göstərdiyi dəstəyi yüksək
qiymətləndiririk.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.


