Bayramla əlaqədar bu ünvanlarda yarmarkalar keçiriləcək

Baş səhifə

Bakı.Trend:

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC
tərəfindən 12 məntəqədə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil
olunacaq.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat
verilib.

Bildirilir ki, 11 gün fasiləsiz davam edəcək yarmarkaların
təşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərin
məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər
sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını
təmin etməkdir.

Yarmarkalarda 25 regiondan iştirak edəcək 147 fermer, 150
çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata
keçirəcəklər. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət
etmək məqsədilə yarmarkada hər gün Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.
Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun
keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın
xidmətlərindən faydalana bilərlər.




Yarmarka 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski
küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanı ilə yanaşı,
ümumilikdə 12 məntəqədə fəaliyyət göstərəcək.

Belə ki, 13-17 mart tarixlərində paytaxtın müxtəlif ərazilərində
– “Əhmədli”, “Neftçilər” “Nəriman Nərimanov”, “Elmlər Akademiyası”
və “Azadlıq” metro stansiyalarının yaxınlığında, həmçinin Abşeron
rayonu Mehdiabad qəsəbəsi “Qarant” Yaşayış Kompleksində yarmarkalar
təşkil olunacaq. Eyni zamanda Sumqayıt, Xankəndi və Ağdaş
şəhərlərində (Ağdaş şəhərində yeni bazar ərazisində) Novruz
yarmarkalarının təşkili nəzərdə tutulur.

Bundan əlavə, 16 mart tarixində Cəbrayıl rayonunun Horovlu
kəndində, 17 mart tarixində isə Zəngilan rayonunun Ağalı kəndində
bir günlük səyyar yarmarkalar təşkil olunacaq.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər
piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə
təmin olunurlar.