Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı prosedur sadələşdirildi

Baş səhifə

Bakı.Trend:

Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar
tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən
torpaq kateqoriyası bəzi hallarda dövlət kadastrında əksini tapan
torpaq kateqoriyasından fərqlənir. Belə uyğunsuzluqların aradan
qaldırılması məqsədilə qanunvericilikdə dəyişikliklər edilib.

Trend xəbər
verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat
yayıb.

14 iyul 2025-ci il tarixində “Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Qanuna və 9 fevral 2026-cı il tarixində Nazirlər
Kabinetinin 5 oktyabr 2015-ci il tarixli Qərarına edilmiş
dəyişikliklərə əsasən, qeydiyyat orqanı tərəfindən belə fərqlər
aşkar olunduğu təqdirdə, qeydiyyat orqanı 15 iş günü müddətində
yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparır. Bundan
sonra torpaqayırma qərarları, kadastr xəritələri və digər
hüquqi-texniki xarakterli sənədlər yoxlanılır, uyğunsuzluğun
yaranma mənbəyi və məlumatların düzgünlüyü aydınlaşdırılır.




Vətəndaşlar tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən
kateqoriya ilə bağlı məlumatların doğruluğu təsdiq edildikdə,
daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və
dövlət torpaq kadastrında müvafiq düzəlişlər olunur. Əks halda
hüquqların qeydiyyata alınmasından imtina edilir.

Bu prosedur vətəndaşların hüquqlarının daha səmərəli şəkildə
həyata keçirilməsinə, daşınmaz əmlakın dövlət reyestrində və
kadastrındakı məlumatların dəqiqləşdirilməsinə imkan verir.