Estoniya səfiri Gürcüstan XİN-ə çağırılıb

Baş səhifə

Estoniyanın Gürcüstandakı səfiri Marqe Mardisalu-Kaxar bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Səfiri qəbul edən xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili Marqe Mardisalu-Kaxardan sosial şəbəkə səhifəsində İlya Dövlət Universiteti barəsində etdiyi paylaşımı ilə bağlı izahat xahiş edib.

Zurabaşvili qeyd edib ki, Estoniya səfirinin belə bir bəyanatı Gürcüstanda təhsil sahəsində aparılan islahatların siyasiləşdirilməsinə yönəlib ki, bu da qəbuledilməzdir və ölkənin daxili işlərinə qarışmaq cəhdidir.

Diplomata bildirilib ki, Estoniya tərəfi təhsil sahəsindəki islahatlarla maraqlanırsa, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyində məsləhətləşmələr keçirməklə hərətərəfli informasiya əldə edə bilər.

Qeyd edək ki, Estoniya səfiri bu yaxınlarda feysbuk səhifəsində ali təhsil sahəsində islahatlara qarşı olan İlya Dövlət Universitetinin rektoru Nino Doborcginidze ilə birgə fotoşəklini paylaşaraq “İlya Universitetini dəstəkləyirik” sözlərini yazıb.