Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində dəmir yolunun istismara verilməsi üçün səy göstərilir – İranlı nazir (ÖZƏL MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin istismara
verilməsində İran, Rusiya, Azərbaycan səylər göstərir.

Bunu Trend
özəl müsahibəsində İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq
deyib.

Onun sözlərinə görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi
çərçivəsində dəmir yolu ilə çatışmayan hissə İranın şimalında
yerləşən Rəşt-Astara dəmir yoludur.

Sadeq deyib ki, bu dəmir yolu xətti Rusiya ilə əldə olunan
razılaşma və anlaşma memorandumları çərçivəsində həyata keçirilir.
Hazırda dəmir yolu xəttinin keçəcəyi ərazinin mülkiyyətinin satın
alınması həyata keçirilir.

“Ötən 1,5 il ərzində mülkiyyətin satın alınması prosesi
sürətlənib. 21 marta qədər dəmir yolu xəttinin keçəcəyi ərazinin
mülkiyyəti tam şəkildə 160 kilometri satın alınacaq. Dəmir yolu
xəttinin keçəcəyi 125 kilometr Rusiya tərəfinə tikinti işləri ilə
əlaqədar təhvil verilib ki, tikinti üzrə tədqiqatları və
araşdırmaları həyata keçirsin”, – deyə o bildirib.

İranlı nazir qeyd edib ki, bu dəmir yolu xəttinin tikintisi və
nəqliyyat vasitələrinin satın alınması Rusiya tərəfinin krediti
əsasında həyata keçiriləcək.

“Razılaşmaya əsasən 2030-cu ilə qədər Rəşt-Astara dəmir yolunun
tikintisinin başa çatdırılması nəzərdə tutulur. Hər iki tərəf bu
istiqamətdə səy göstərir. Azərbaycan da bu istiqamətdə səylər
göstərir.




Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Hindistandan
Finlandiyaya qədər dəniz yolu ilə müqayisədə daha tez
çatdırılacaq”, -deyə o qeyd edib.

İranın yol və şəhərsalma naziri müsahibənin davamında İranda
böyük əhəmiyyət kəsb edən strateji Çabahar-Zahidan dəmir yolu
xəttinə də toxunub və bu dəmir yolu xəttinin tikintisi ilə əlaqədar
ötən illərdə bir sıra addımların atıldığını bildirib.

Sadeq bildirib ki, ötən 1,5 il ərzində bu dəmir yolu xəttinin
tikintisi ilə əlaqədar əməliyyat işləri daha da sürətləndirilib.
Növbəti bir ay ərzində Çabahar-Zahidan dəmir yolu xətti üzrə
relslərin düzülməsi işi başa çatdırılacaq.

“Yaz fəslində isə sözügedən dəmir yolu xəttinin istifadəyə
verilməsi nəzərdə tutulur. Bu, çox mürəkkəb dəmir yolu xəttidir,
çünki çoxlu sayda tunel və körpülər tikilməli idi.

Bu dəmir yolu xəttinin əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq
sular Çabahar limanı vasitəsi ilə İranın Zahidan şəhərinə və İranın
dəmiryol şəbəkəsinə qoşulur. Bu isə o deməkdir ki, İranın şərqində
yerləşən ölkələr, Orta Asiya ölkələri, İranın cənubu və qərbindəki
ölkələr də İranın dəmiryol şəbəkəsinə birləşdiyi üçün
Çabahar-Zahidan dəmir yolu ilə beynəlxalq sulara çıxış əldə
edəcəklər”, -deyə o qeyd edib.

İranlı nazir əlavə edib ki, Çabahar-Zahidan dəmir yolu xəttinin
tikintisi tam şəkildə yerli mütəxəssislər tərəfindən həyata
keçirilib. Bu dəmir yolunun tikintisi zamanı bir sıra problemlər (
ötən il İrana qarşı 12 günlük hərbi hava hücumları və bır sıra
digər aktlar) yaransa da, ötən iki il ərzində tikinti işləri
dayandırılmayıb.

Sadeq deyib ki, bu dəmir yolunun istifadəyə verilməsi ilə
beynəlxalq sular vasitəsi ilə daşınan yüklər İranın şimalındakı
ölkələrə və əks istiqamətdə çatdırıla biləcək. Dəmir yolu xətti,
həmçinin məsafəni də ciddi şəkildə azaldacaq. Məsafənin qısalması
isə sahibkarlara və iş adamlarına İran seçimindən istifadə etmək
imkanını yaradacaq.