- 18 fevral, 2026
- 12:08

Azərbaycanda üztanıma texnologiyalarının tətbiqi iqtisadi zonalarda da mümkündür.
Bunu “Report”un sualını cavablandırarkən İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.
Onun sözlərinə görə, süni intellekt əsaslı üztanıma sistemləri iqtisadi zonalarda giriş-çıxış nəzarətinin avtomatlaşdırılması, təhlükəsizlik səviyyəsinin artırılması və əməliyyat proseslərinin optimallaşdırılması baxımından effektiv alət ola bilər.
F.Cəfərov qeyd edib ki, bu texnologiyalar vasitəsilə müəssisə və istehsalat sahələrində əməkdaşların identifikasiyası sürətləndirilə, icazə rejimi daha şəffaf və idarəolunan formada təşkil edilə bilər: “Eyni zamanda, insan amili ilə bağlı risklərin azaldılması, operativ qərarvermə imkanlarının genişləndirilməsi mümkündür. Üztanıma və digər biometrik həllərin tətbiqi sənaye parklarında rəqəmsal transformasiyanın dərinləşdirilməsinə, idarəetmə proseslərinin müasirləşdirilməsinə, ümumilikdə rəqabətqabiliyyətli mühit formalaşdırılmasına xidmət edir”.
O, əlavə edib ki, məqsəd süni intellekt əsaslı texnologiyaları iqtisadi zonalarda mərhələli şəkildə tətbiq etmək və innovativ həllərin sahibkarlar üçün əlçatanlığını artırmaqdır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


