Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında vahid geosiyasi identliklik formalaşıb – Cavid Vəliyev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında artıq vahid
geosiyasi identiklik formalaşıb və bu təbii bir prosesdir.

Trend xəbər verir
ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə
heyətinin üzvü Cavid Vəliyev Bakıda keçirilən “C6: Vahid region,
ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusunda
beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son on illik ərzində regionda və dünyada
baş verən proseslər müəyyən dərəcədə Mərkəzi Asiya və Azərbaycan
arasında ümumi geosiyasi identikliyin formalaşmasını zəruri
edib:

“Belə bir identiklik niyə formalaşıb və onu zəruri edən nədir?
Bu, yalnız ortaq sovet keçmişi və oxşar tarixi təcrübə ilə bağlı
deyil. Qeyd etdiyim kimi, son 30 ildə regionda baş verən geosiyasi
hadisələr – iqtisadiyyat, nəqliyyat, ticarət, energetika və
təhlükəsizlik sahələrindəki proseslər – əməkdaşlığın
dərinləşdirilməsini zəruri edib”.

“Müstəqilliyin ilk illərində Mərkəzi Asiya ölkələri –
Türkmənistan, Özbəkistan və Qazaxıstan – Azərbaycanın həyata
keçirdiyi enerji və nəqliyyat layihələrinə böyük maraq
göstərirdilər. 1999-cu ildə İstanbulda Bakı–Tbilisi–Ceyhan layihəsi
üzrə razılaşmalar çərçivəsində Türkmənistan və Qazaxıstan da
iştirak edirdi. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan neft boru kəməri
istifadəyə verildikdən sonra Türkmənistan və Qazaxıstan nefti
Azərbaycan vasitəsilə dünya bazarlarına ixrac olunmağa başladı”, –
deyə o əlavə edib.

C.Vəliyev xatırladıb ki, Mərkəzi Asiya ölkələri dənizə çıxışı
olmayan dövlətlərdir:

“Onların dünya bazarlarına çıxışı üçün əməkdaşlıq tələb
olunurdu. Azərbaycan artıq bu çıxış üçün zəruri enerji və nəqliyyat
infrastrukturunu yaratmışdı. Regionun enerji və nəqliyyat
dəhlizlərində maraqlı olan dünya gücləri bu dövlətlər arasında
əməkdaşlığın inkişafını dəstəkləyirdi. Mərkəzi Asiya – Azərbaycan –
Türkiyə – Qərb bazarları marşrutu dəstəklənirdi. Bu, yeni
dövlətlərin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi
baxımından mühüm idi, eyni zamanda bu marşrut şimal və cənub
istiqamətlərinə alternativ kimi nəzərdən keçirilirdi”.