
Bakı.Trend:
Görüşümüz qlobal mühitdə artan rəqabət və qeyri-sabitliyin hökm
sürdüyü dövrə təsadüf edir. Böyük güclər arasında rəqabətin
dərinləşməsi, enerji və nəqliyyat marşrutlarına təsir edən
münaqişələr, eləcə də təchizat zəncirlərində yaranan fasilələr
regionumuz üçün mühüm bir reallığı yenidən təsdiqləyir.
Trend xəbər
verir ki, bu fikirləri “C6: Vahid region, ortaq gələcək strateji
dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid
Şəfiyev deyib.
BMTM sədrininsözlərinə görə, reallıq ondan ibarətdir ki,
strateji dayanıqlılığı təmin etmək üçün ölkələr arasında
bağlantılar gücləndirilməli, iqtisadi və nəqliyyat marşrutları
şaxələndirilməli, əməkdaşlıq isə ortaq maraqlar əsasında
qurulmalıdır. Yalnız bu yanaşma regionumuzun sabitliyini və davamlı
inkişafını təmin edə bilər.
F.Şəfiyev vurğulayıb ki, son altı il ərzində Azərbaycanın xarici
siyasəti məhz bu reallıqlara uyğun şəkildə formalaşdırılıb:
“Asiya institutları ilə əməkdaşlığın genişləndirilməsi və
strateji tərəfdaşlıqların dərinləşdirilməsi nəticəsində ölkəmiz
şərq vektorunu daha da möhkəmləndirib, bununla yanaşı, ABŞ və onun
Avropadakı tərəfdaşları ilə konstruktiv və qarşılıqlı hörmətə
əsaslanan dialoqu davam etdirib. Bu balanslı yanaşma həssaslıqların
azalmasına, yeni imkanların yaranmasına və həm regional, həm də
milli inkişaf üçün yeni perspektivlərin formalaşmasına xidmət
edir”.
O vurğulayıb ki, Mərkəzi Asiya Azərbaycan üçün yalnız qonşu
deyil, həm də təbii tərəfdaşdır.
“Ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bugünkü
əməkdaşlığımızı fərqləndirən başlıca amil
geoiqtisadiyyatdır-enerji, nəqliyyat, logistika və infrastruktur
sahələrində əməkdaşlıqdır. Avrasiya məkanında sabitliyə dair
ənənəvi fərziyyələrin aktuallığını itirdiyi şəraitdə bu əlaqələr
yeni məna və strateji əhəmiyyət kəsb edir”,- deyə F.Şəfiyev əlavə
edib.

