
Bakı. Trend:
2026-cı il fevralın 15-də Prezident İlham Əliyevin Serbiyaya
rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərində keyfiyyətcə yeni
mərhələnin başlanğıcıdır. Bu səfər çərçivəsində Belqradda Serbiya
Prezidenti Aleksandar Vuçiç ilə keçirilən yüksək səviyyəli
görüşlər, Strateji Tərəfdaşlıq Şurasının ilk iclası və imzalanmış
çoxsaylı hökumətlərarası sənədlər göstərdi ki, Bakı ilə Belqrad
artıq ənənəvi diplomatik əməkdaşlıq modelindən çıxaraq uzunmüddətli
strateji tərəfdaşlıq mərhələsinə daxil olub.
Bunu Trend-ə
politoloq Azər Qarayev deyib.
“Bu səfər yalnız ikitərəfli münasibətlərin intensivləşməsi
baxımından deyil, həm də Avropanın dəyişən enerji, təhlükəsizlik və
iqtisadi arxitekturası fonunda xüsusi əhəmiyyət daşıyır.
Rusiya–Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi
konsepsiyası köklü şəkildə dəyişib və bu dəyişiklik Azərbaycan kimi
etibarlı enerji ixracatçılarını, Serbiya kimi isə Balkanlarda əsas
tranzit və istehlakçı ölkələri strateji tərəfdaşlara çevirir.
Azərbaycan–Serbiya münasibətlərinin bugünkü səviyyəyə
yüksəlməsində Prezident İlham Əliyevlə Prezident Aleksandar Vuçiç
arasında formalaşmış şəxsi münasibətlər həlledici rol oynayır.
Vuçiçin “sadəcə bir məsələni də əlavə etmək istəyirəm, mən əziz
dostum İlham Əliyevdən çox şeyi öyrənirəm, nəinki bu gün, həmçinin
digər vaxtlarda” sözləri bu münasibətlərin sadəcə protokol
xarakteri daşımadığını göstərir”, – o bildirib.
Onun sözlərinə görə, eyni zamanda Prezident İlham Əliyevin
Vuçiçin fəaliyyətinə verdiyi yüksək qiymət, tərəflər arasında dərin
siyasi hörmətin mövcudluğunu nümayiş etdirir. Məhz bu liderlərarası
etimad sayəsində strateji qərarlar sürətlə qəbul olunur və onların
icrası real mexanizmlərlə təmin edilir.
“Belqradda keçirilən Strateji Tərəfdaşlıq Şurasının ilk iclası
Azərbaycan–Serbiya münasibətlərinin artıq təsadüfi və ya epizodik
deyil, sistemli xarakter aldığını göstərir. Bu format Azərbaycan
üçün yalnız seçilmiş ölkələrlə tətbiq edilir və Serbiyanın bu
siyahıya daxil olması Balkan regionuna verilən xüsusi önəmin
göstəricisidir.
Şuranın gündəliyinə energetika, sənaye, investisiya, nəqliyyat,
kənd təsərrüfatı, mədəniyyət, idman, media və səhiyyə sahələrinin
daxil edilməsi əməkdaşlığın çoxşaxəli xarakterini ortaya qoyur. Bu
model klassik “enerji müqaviləsi” formatından kənara çıxaraq real
iqtisadi inteqrasiya mərhələsinə keçidi ifadə edir”, – o
bildirib.
A.Qarayev qeyd edib ki, energetika Azərbaycan–Serbiya
münasibətlərinin əsas hərəkətverici qüvvəsidir.
“Azərbaycan artıq Serbiyaya qaz ixrac edir və bu, Balkan
regionunun enerji balansında Bakının rolunu əhəmiyyətli dərəcədə
artırıb. Lakin Belqradda razılaşdırılan yeni layihələr bu
əməkdaşlığı daha dərin səviyyəyə qaldırır. Serbiyada 500 meqavatlıq
qazla işləyən elektrik stansiyasının birgə tikilməsi təkcə bir
enerji obyekti deyil, regional enerji təhlükəsizliyi layihəsidir.
Bu stansiya Serbiyanın idxaldan asılılığını azaldacaq, Azərbaycan
üçün isə Avropa enerji bazarında dəyər zəncirinin yuxarı
mərhələsinə – yəni xammaldan hazır məhsula keçidi təmin edəcək.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ixrac
potensialı hazırda 2 giqavatdır və 2032-ci ilə qədər əlavə 8
giqavat güc yaradılacaq. Bu, Azərbaycanın Avropanın yaşıl və
təhlükəsiz enerji məkanında əsas oyunçulardan birinə çevrildiyini
göstərir”, – o bildirib.
Politoloq vurğulayıb ki, Serbiya coğrafi mövqeyinə görə
Balkanlarda enerji tranziti üçün ideal platformadır. Azərbaycan
qazı və gələcəkdə Azərbaycan mənşəli elektrik enerjisi Serbiya
üzərindən Mərkəzi Avropaya və Cənubi Avropa bazarlarına çıxa bilər.
Bu isə Bakının Avropa enerji təhlükəsizliyində rolunu
strukturlaşdırılmış və uzunmüddətli xarakterə çevirir.
“Serbiya üçün isə bu əməkdaşlıq enerji suverenliyi deməkdir. Öz
elektrik istehsal gücünü artıran Belqrad həm daxili sənayenin, həm
də gələcək məlumat mərkəzlərinin və rəqəmsal iqtisadiyyatın enerji
tələbatını təhlükəsiz şəkildə təmin edə biləcək. İmzalanmış
iqtisadi sənədlər göstərir ki, Azərbaycan artıq Serbiyanı sadəcə
siyasi tərəfdaş kimi deyil, strateji investisiya platforması kimi
də görür. Qaz-turbinalı elektrik stansiyası, energetika, kənd
təsərrüfatı və sənaye sahələrində planlaşdırılan layihələr
qarşılıqlı kapital axınını stimullaşdıracaq. Serbiya isə Azərbaycan
üçün Avropa İttifaqı bazarına açılan iqtisadi qapı rolunu oynaya
bilər. Bu, xüsusilə qeyri-neft sektoru üçün yeni ixrac və istehsal
imkanları yaradır. Bakı–Belqrad birbaşa uçuşlarının açılması
iqtisadi əlaqələr qədər humanitar və mədəni əlaqələrə də güclü
impuls verəcək. Turizm, tələbə mübadiləsi, biznes forumları və
sərgilər iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Bu reyslər
Azərbaycan və Serbiya xalqları arasında birbaşa təmasları artıraraq
siyasi tərəfdaşlığın sosial dayaqlarını möhkəmləndirəcək.
Azərbaycan və Serbiya beynəlxalq platformalarda bir-birinin ərazi
bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu, regionlarında
mürəkkəb təhlükəsizlik çağırışları ilə üzləşən hər iki ölkə üçün
mühüm siyasi təminatdır. Bu qarşılıqlı dəstək enerji və iqtisadi
əməkdaşlıqla birləşərək real strateji alyans yaradır”, – o
bildirib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin Serbiyaya
səfəri göstərdi ki, Bakı ilə Belqrad arasında qurulan münasibətlər
artıq taktiki deyil, strateji xarakter daşıyır.
“Enerji, investisiya, nəqliyyat və siyasi koordinasiya
sahələrində qurulan bu tərəfdaşlıq Cənubi Qafqaz ilə Balkanlar
arasında yeni güc və əməkdaşlıq oxu yaradır. Bu ox yalnız iki
ölkənin deyil, daha geniş regionun gələcək inkişaf xəritəsini də
formalaşdırır”, – politoloq əlavə edib.


