
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan, ortaq rifah və
iqtisadi artım baxımından eyni baxışı bölüşən, çox strateji
münasibətlərə malikdir. Bu münasibətlərin mərkəzində isə 2025-ci
ildə yaxın zamanda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq
Sazişi – CEPA dayanır. Bu saziş çoxsaylı əməkdaşlıqlar üçün möhkəm
təməl yaradan güclü katalizatordur.
Trend xəbər
verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim
dəyişikliyi və ətraf mühit naziri Amna Aldahak Al Shamsi bu gün
Bakıda keçirilən Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzar
dəyirmi masasında deyib.
O bildirib ki, BƏƏ ərzaq təhlükəsizliyi sahəsində proaktiv və
çoxşaxəli yanaşmanı təşviq edir, innovasiyaları, yüksək
texnologiyaları və təsirli beynəlxalq əməkdaşlığı dəstəkləyir:
“Bu gün masa ətrafında keçirdiyimiz görüşlərdə və artıq
başlanmış biznes görüşlərində formalaşdırmaq və inkişaf etdirmək
istədiyimiz əməkdaşlıq da məhz buna xidmət edir.
BƏƏ iqlim baxımından çətin, quraq bir coğrafiyada yerləşsə də,
biz kənd təsərrüfatı reallığımızı ən müasir texnologiyalar, yüksək
texnoloji həllər və süni intellekt vasitəsilə transformasiya etməyə
çalışırıq. BƏƏ-nin bir çox sahədə təşviq etdiyi bu yanaşma
aqrar-ərzaq sektoruna da şamil olunur.
BƏƏ-nin 2051-ci ilədək Milli Ərzaq Təhlükəsizliyi Strategiyası
mövcuddur. Bu strategiya yerli səviyyədə daha dayanıqlı ərzaq
istehsalının yaradılmasını, eyni zamanda beynəlxalq əməkdaşlıqlar
vasitəsilə qlobal miqyasda daha dayanıqlı ərzaq təchizatı
zəncirinin formalaşdırılmasını hədəfləyir”.
“Bu əməkdaşlıqdan gözlədiyimiz əsas nəticə, AZPROMO-dakı
həmkarlarımızla birlikdə izləyə biləcəyimiz, irəliləyişini
qiymətləndirəcəyimiz strukturlaşdırılmış bir yol xəritəsinin
hazırlanmasıdır. Bu yol xəritəsində konkret mərhələlər
müəyyənləşdiriləcək, bugünkü müzakirələrdən doğan təşəbbüslərin
icrası və inkişafı qiymətləndiriləcək. Beləliklə, bu gün başlayan
dialoqların yaxın gələcəkdə real nəticələrə və praktik icraya
çevrilməsini təmin edəcəyik. Hər iki ölkə bu əməkdaşlığın
qurulmasına və reallaşdırılmasına sistemli şəkildə yanaşır.
Biz bu müzakirələrin nəticəsi olaraq hökumətlərarası və
bizneslərarası əməkdaşlığın gücləndirilməsini təmin edəcəyik.
BƏƏ-dən olan nümayəndə heyəti olduqca genişdir: hökumət
nümayəndələri, milli şirkətlər, özəl sektor, pərakəndə ticarət və
ərzaq sənayesi təmsilçiləri bu heyətdə yer alır”, – nazir qeyd
edib.
“Biz bunu real layihələrə çevriləcək çoxsaylı əməkdaşlıqlar üçün
başlanğıc nöqtəsi kimi görürük. Hökumətin rolu bu dialoqu
asanlaşdırmaq, lazımi dəstəyi təmin etməkdir. Məhz buna görə
strukturlaşdırılmış yol xəritəsi çox vacibdir ki, müzakirələri
konkret fəaliyyət planlarına, real təsirə və biznes imkanlarına
çevirə bilək.
Azərbaycanla davam edən ikitərəfli münasibətlərimiz və bu masa
ətrafında toplanmış birgə təcrübə bu imkanların yaradılması, hər
iki ölkə üçün ortaq rifahın və ərzaq təhlükəsizliyinin
gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın və
BƏƏ-nin güclü tərəflərindən yararlanaraq uzunmüddətli, səmərəli və
davamlı bir tərəfdaşlıq qurmaq niyyətindəyik”, – nazir fikrini
yekunlaşdırıb.


