
Dövlət Gömrük Komitəsi və Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) arasında növbəti dəfə görüş keçirilib.
“Report” bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, qurumun əsas vəzifələrindən biri olaraq xarici ticarət iştirakçıları ilə tərəfdaşlıq əlaqələri yaradılması, onların fəaliyyətinə dəstək göstərilməsi və gömrük sisteminin inkişaf strategiyasından irəli gələrək gömrük-biznes dialoqunun genişləndirilməsi hədəf kimi müəyyən edilib.
Bu kontektsdə gömrük sahəsində əldə olunan nailiyyətlər, tətbiq olunan yeni layihələr, eləcə də digər gömrük məsələləri ilə əlaqədar biznes subyektlərinin məlumatlandırılması və maraq kəsb edən sualların cavablandırılması məqsədilə mütəmadi olaraq “Gömrük-Biznes Forum”larında və müxtəlif əməkdaşlıq platformalarında görüşlər keçirilir.
Göstərilən məqsədlərdən irəli gələrək “AmCham Azerbaijan” ilə növbəti görüş keçirilib və “Ağ Sənəd 2025” nəşrində gömrük işi ilə bağlı (güzəşt və azadolmaların tətbiqi, aksizli malların tranzit daşımaları, gömrük anbarından istifadə imkanları, malların təsnifat kodunun müəyyən edilməsi) məsələlərə münasibət bildirilərək, son dövrlərdə tətbiq olunmaqda olan alətlər və yeniliklər barədə məlumat mübadiləsi aparılıb və aşağıdakılar diqqətə çatdırılıb:
– Güzəştlərə müəyyən edilən müddətlərin uzadılması və ya yeni güzəştlərin tətbiqi səmərəliliyə dair müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra həyata keçirilir.
– Aksizli malların (alkoqollu içkilər və tütün məmulatları) tranzit daşınmasında qanunvericiliyə uyğun olaraq depozit mexanizmi tətbiq edilir.
– Gömrük anbarı xüsusi gömrük prosedurunun hüquqi əsasları təsbit edilmiş və son illərin nailiyyəti olaraq praktiki həyata keçirilməsi ilə bağlı mexanizmlər istifadəyə verilmişdir. Eyni zamanda 2025-ci ildə qəbul edilmiş “Etibarlı Tərəfdaş Konsepsiyası” çərçivəsində qeyd olunan sahənin daha da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
– Malların təsnifat kodunun müəyyən edilməsi rəqəmsal alətlərin tətbiqi ilə sadələşdirilmiş və bu istiqamətdə köməkçi alətlər yaradılıb.
Digər sahələr üzrə əldə edilmiş nailiyyətlər, gömrük dəyərinin müəyyən olunması zamanı beynəlxalq normalara istinad edilməklə hazırlanmış metodikadan istifadə, eləcə də malların buraxılışından sonra gömrük bəyannamələrində düzəliş etmə imkanlarının genişləndirildiyi nəzərə çatdırılıb.
Sonda gömrük fəaliyyətinin diqqətlə izlənilməsi, tətbiq olunan yeni alət və mexanizmlərin nəzərə alınması, eləcə də gömrük işi ilə əlaqədar yaranan məsələlərin müzakirəsi məqsədilə görüşlərin keçirilməsinin vacibliyi qeyd edilib.


