
Bakı. Trend:
“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP)
regional əlaqəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Trend xəbər verir
ki, bu barədə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən
meta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.
“Bu əlaqələrin bərpası iqtisadi əməkdaşlığı gücləndirə,
transsərhəd ticarəti stimullaşdıra və yeni marşrutların əlavə
edilməsi hesabına dəhlizin dayanıqlığını və şaxələndirilməsini
artıra bilər. İqtisadi təsirlə bağlı daha ətraflı araşdırmalar hələ
də davam etsə də, ekspertlər qeyd edirlər ki, TRIPP ənənəvi
Bakı–Tbilisi–Qars marşrutu ilə müqayisədə səyahət müddətini 25
faizədək azalda bilər”,- deyə hesabatda bildirilib.
Qeyd olunur ki, regional iştirakçılar Azərbaycan, Ermənistan və
Türkiyə arasında nəqliyyat əlaqələrinin bərpası və inkişafı
istiqamətində təşəbbüsləri fəal şəkildə həyata keçirirlər.
Məlumata görə, bu səylər müxtəlif idarəetmə modellərini və
strateji məqsədləri əks etdirsə də, bütövlükdə bərpa olunmuş
əlaqəliliyə doğru irəliləyişi nümayiş etdirir.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.
Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur
dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və
dövlətlərarası münasibətlər haqqında” Sazişi paraflayıblar.

