
Bakı. Trend:
İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin
suvarma suyu ilə təminatının yaxşılaşdırılması işlərinə
başlanılır.
Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla
bağlı müvafiq işlərə start verib.
Belə ki, qurum sözügedən işlərin icrasını “İsmayıllı Tikinti-27”
Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 7,570 milyon manat ödənilib.
Qeyd edək ki, ötən ilin aprelin 1-də Prezident İlham Əliyev
İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu
ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında
sərəncam imzalayıb.
Sərəncama əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250
hektar əkin sahəsinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə
ilkin olaraq 5.000.000,0 (beş milyon) manat ayrılıb.


