Finlandiyada dünyanın ən böyük “Runeberq” tortu hazırlandı

Baş səhifə

Bakı. Trend:

Finlandiyanın Turku şəhərində dünyanın ən böyük “Runeberq” tortu
bişirilib.

Trend xəbər verir
ki, bu barədə “Yle” məlumat yayıb.

Tortun hündürlüyü 57 santimetr, çəkisi isə 33,5 kiloqram təşkil
edir. Nəhəng şirniyyatı təxminən 350 dilimə bölmək mümkündür.
Tortun hazırlanması prosesi üç gün davam edib.

Çörəkçi Tero Kemppaynen və baş aşpaz Robin Hoppe tortun
bişirilməsini uğurla başa çatdırıblar. Tortun bəzədilməsi üçün
nəzərdə tutulan üst qatın qaldırılması hər iki ustadan böyük fiziki
səy tələb edib.




“Son ştrixlər həmişə ən həyəcanlı hissə olur, amma dörd nəfərlə
birlikdə hər şey problemsiz keçdi”, – deyə Kemppaynen bildirib.

Qeyd edək ki, əvvəlki rekord iki il əvvəl qeydə alınmışdı və
həmin vaxt “Runeberq” tortunun hündürlüyü 46 santimetr olmuşdu.

Xatırladaq ki, Runeberq Günü hər il fevralın 5-də Finlandiyanın
milli şairi Yohan Lüdviq Runeberqin şərəfinə qeyd olunur. Bayram
tədbirləri çərçivəsində “Runeberq” tortu xüsusi diqqət mərkəzində
olur. Bu məşhur şirniyyatın yaradıcısı şairin həyat yoldaşı
Fredrika Runeberq hesab edilir və onun kulinariya kitabındakı
resept Porvo şəhərinin rəsmi saytında yer alır.