Elmdə bir ilk – Xərçəng hüceyrələrinə qarşı mikro-robotlar yaradıldı

Baş səhifə

Bakı. Trend:

Potensialı tibbdə olduqca böyük olan mikro-robotlar xəstəlik
ocaqlarını aşkar edə, dərmanları dəqiq hədəfə çatdıra və hətta
orqanizmin daxilində toxumalarla qarşılıqlı əlaqədə ola bilirlər.
Lakin indiyədək onların geniş tətbiqinə konstruksiyanın
mürəkkəbliyi, yüksək maya dəyəri və istehsalın əmək tutumlu olması
mane olurdu. İndi isə Kaliforniya Texnologiya İnstitutunun alimlər
qrupu mikrorobot anlayışını köklü şəkildə sadələşdirərək praktik
tibbə doğru mühüm addım atıb. Tədqiqatçılar mürəkkəb 3D-çaplı
konstruksiyalardan imtina etməyi və adi bir mikroköpüyü “robot”a
çevirməyi təklif ediblər.

Trend xəbər verir
ki, araşdırma “Nature Nanotechnology” jurnalında dərc olunub.




Daha əvvəl həmin qrup daxilində qaz köpüyü olan hidrogelli
örtüyə malik mikrorobotlardan istifadə edirdi. Bu cür sistemləri
maqnitlər və ultrasəs vasitəsilə şişə yönəltmək mümkün idi, lakin
onların istehsalı üçün təmiz otaqlar və ixtisaslaşmış avadanlıq
tələb olunurdu. Yeni yanaşma isə xeyli sadədir: alimlər albümin
zülalı məhluluna ultrasəs təsir göstərməklə minlərlə mikroköpük
yaradırlar.

Mikroköpüklərin hərəkət edə bilməsi üçün onların səthinə ureaza
fermenti yerləşdirilib. Bu ferment orqanizmdə geniş yayılmış
maddələr mübadiləsi məhsulu olan sidik cövhərini parçalayaraq
ammonyak və karbon qazı əmələ gətirir. Fermentin köpük ətrafında
qeyri-bərabər paylanması kimyəvi asimmetriya yaradır və bu da onun
irəliyə doğru hərəkət etməsinə səbəb olur.